Əsas Səhifə > Müsahibə > Yaşar Vahabzadə futbolçuları “yıxıb-sürüdü”: Qaçmırlar, mübarizə aparmırlar

Yaşar Vahabzadə futbolçuları “yıxıb-sürüdü”: Qaçmırlar, mübarizə aparmırlar


10-11-2017, 13:51
Yaşar Vahabzadə futbolçuları “yıxıb-sürüdü”: Qaçmırlar, mübarizə aparmırlar



21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsini təqdim edirik.

- U-21 yığmamız AÇ-2019-un seçmə mərhələsində Almaniyaya 0:7 hesabı ilə məğlub olub. Bu nəticəni gözləyirdinizmi?

- Matçdan əvvəl də bilirdik ki, çətin olacaq. Çünki Almaniya güclü komandadı. Məncə, birinci dəqiqədə buraxılan qol komandanı həvəsdən saldı. Bunun ardından da kobud səhvlər belə nəticəyə gətirib çıxardı. Bilirsiniz, rəqibin güclü olması normaldı. Texnikada, taktikada da bizdən üstün ola bilərlər. Amma futbolda qaçmaq, mübarizə aparmaq lazımdı. İşgüzarlıq göstərməlisən, əzmkar futbol oynamalısan. Güclü komandalar qarşısında əzmkarlıq sayəsində uğur qazanmaq olar. Bizim futbolçularımızda bu yoxdu. Bəlkə buraxılan erkən qolun da təsiri oldu.

- Baş məşqçi dəyişikliyinin də heç bir xeyri olmadı. Bu uğursuzluğun səbəbini nədə görürsünüz?
- Səbəbini bilsəydim, deyərdim. Uşaqlar klublarında limitə görə müntəzəm oynayırlar. Bu yaxşı haldı. Amma görün necə oynayırlar.

- Bəlkə limitə görə oynayacaqlarını bildikləri üçün arxayındılar?
- Biri var limitə görə səni oynatmağa məcburdular, biri də var ki, öz çıxışınla buna vadar edirsən. İstənilən halda meydanda olmaq futbolçunun xeyrinədi. Amma buna qane olmamalısan. Bunu lehinə çevirmək üçün öz üzərində işləməli, oyundan-oyuna “artırmalısan”. İşləməsəm də, çempionat oyunlarını izləyirəm. U-21-in futbolçuları klublarında da zəif çıxış edirlər. Limitə görə oynayan futbolçu başa düşməlidi ki, onu bir addım irəli atıblar. Bundan sonrası özündən asılıdı. Futbolçuların özlərində də hərəkət olmalıdı axı. Klublarda əsas işi təcrübəlilər görür. Gənclər isə sanki komandaya uyğunlaşa bilmirlər. Yaxşı, bu il arxayınsan ki, rəqibin olmadığı üçün oynayacaqsan. Bəs sonra? Futbolu bir il oynamırlar axı. Uşaqlardan soruşmaq lazımdı ki, niyə arxayın olursunuz? Axı Mahir Mədətov nümunəsi var. Mahir da onların içindən çıxıb. O niyə arxayın olmur, öz üzərində işləyir?

- Aşağı yaş qrupu yığmalarımızın uğursuz nəticələri bir-birini əvəz edir. Problemin kökü nədədi?
- Baş məşqçi futbolçuya demir ki, qaçma, mübarizə aparma. Təkbətək mübarizələrin hamısında uduzuruqsa, qaçmırıqsa, buna baş məşqçi nə etsin? 5 mübarizənin 3-də uduzanda, heç olmasa 2-də qalib gəlməlisən.

- Gələn ay yığmaların yeni baş məşqçiləri müəyyənləşəcək. Sizə hansısa təklif varmı?
- Xeyr, yoxdu. Heç bir söhbət olmayıb. Bilirsiniz, baş məşqçi meydana çıxa bilmir. Futbolçu orda canını qoymalıdı. Komanda 0:7 hesabı ilə uduza bilər. Ancaq heç olmasa, mübarizə aparsın.

- Aşağı yaş qrupunda da kifayət qədər milliləşdirilmiş oyunçular var. Etiraf edək ki, Azərbaycanda yaxşı futbolçu yetişmir...
- Klubların uşaq komandaları var, onlar hazırlamalıdılar. Artıq irəli baxmaq lazımdı. Avropa futboluna uyğun futbolçular üzə çıxarmalıyıq. Azərbaycan çempionatı üçün futbolçu hazırlamamalıyıq. Klubumuz bu gün Çempionlar Liqasında çıxış edir. Deməli, bu istiqamətdə oyunçular yetişdirmək lazımdı ki, sabah milliyə çağırılanda yüksək səviyyədə oynaya bilsin.

Apasport.az
Geri qayıt