Əsas Səhifə > Müsahibə > Baş məşqçi: "Demək olar ki, qızıl medalımızı əlimizdən aldılar" - MÜSAHİBƏ
Baş məşqçi: "Demək olar ki, qızıl medalımızı əlimizdən aldılar" - MÜSAHİBƏ23-10-2017, 13:42 |
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə gənclər arasında dünya birinciliyində 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında birinci olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutan Azərbaycan millisinin baş məşqçisi Elçin İsmayılov Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb. - Komanda sonuncu dünya çempionatı ilə müqayisədə necə çıxış etdi? Hədəf neçə medal idi? - Ötən il dünya çempionatı olmadı. Çünki mundial iki ildə bir dəfə keçirilir. Əvvəlki turnirdə 3 bürünc medal olmuşdu. İndi isə oğlanların yarışında 2 qızıl, 2 gümüş, qızların mübarizəsində isə 1 bürünc medal əldə etdik. Bu nəticə ilə komandamız ümumilikdə 83 dövlətin 600 nəfərə yaxın idmançısının iştirak etdiyi yarışda ikinci yerə çıxdı. Yalnız Yaponiyadan geri qaldıq. Lakin kişilər arasında komandamız 1-ci yerə layiq görüldü. - Böyüklərin yarışında çıxış edən Hidayət Heydərov üçün gənclərin mübarizəsində iştirak etməyin bir qədər rahat olduğunu söyləmək olar? - Xeyr, elə deyil. Avropa çempionatındakı nəticədən sonra püşkatmada çox çətin qrupa düşdük. Məsələn, 60, 73 və 100 kq çəki dərəcəsində bütün güclü rəqiblər bizim idmançılarla güləşdilər. Bəlkə də bunu belə salmışdılar ki, biz qızıl medallar qazanmayaq. Buna baxmayaraq, uşaqlar özlərini görüşlərə yaxşı hazırladılar və qələbə qazandılar. Bizim 55 kq çəki dərəcəsində final görüşü zamanı hakimlər bir qədər qərarsız çıxış etdilər. Finalda rəqibə 3-cü xəbərdarlığı verə bilərdilər, lakin etmədilər. Bir az haqsızlıq oldu. Demək olar ki, qızıl medalımızı əlimizdən aldılar. - Ümumilikdə, nəticədən razısınız? - Ümumilkdə, razıyam. Biz 5 çəki dərəcəsi üçün idmançı aparmışdıq. Beşi də yarımfinalda güləşdilər. Onlardan da 4-ü finala çıxdı. Hesab edirəm ki, müsbət nəticədir. Oğlanların yarışında 1-ci yeri tutmaq və yaponları qabaqlamaq yaxşı nəticədir. Bu nəticələri əldə etdiyimiz üçün başda Rövnəq Abdullayev olmaqla bütün federasiya rəhbərliyinə təşəkkür edirəm. Kollektivimizi, köməkçiləri, həkim heyətini zəhmətlərinə görə təbrik edirəm. Bu uğurda onların da böyük zəhməti var. Hamısına "çox sağ ol" deyirəm. Report.az Geri qayıt |