Əsas Səhifə > Müsahibə > Yaşar Bəşirov: Karateçilərimiz 2018-ci ili uğurla başa vurublar
Yaşar Bəşirov: Karateçilərimiz 2018-ci ili uğurla başa vurublar28-12-2018, 17:17 |
Artıq 2018-ci il başa çatır. İdmanın bütün növləri üzrə ölkə çempionatlarına yekun vurulub, yığma komandaların əsas heyəti müəyyənləşib. Bunlardan biri də karatedir. Karatenin Olimpiya Oyunlarının proqramına daxil edilməsindən sonra idmanın bu növü inkişafının yeni mərhələsinə qədəm qoyub. BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov AZƏRTAC-a məxsusi müsahibəsində karatenin ölkəmizdə sürətli inkişafından, idmançılarımızın başa çatmaqda olan ildə qazandıqları uğurlardan danışıb. Müsahibəni təqdim edirik. - Yaşar müəllim, əvvəlcə builki nəticələrə nəzər salaq. Karateçilərimiz üçün 2018-ci ili uğurlu hesab etmək olarmı? - Ümumiyyətlə, Azərbaycan idmanı üçün il-ildən uğurlu olur. Atletlərimiz qatıldıqları əksər yarışlardan Vətənə medallarla qayıdırlar. Bu ili karateçilərimiz üçün də uğurlu hesab etmək olar. Cari ildə karateçilərimiz rəsmi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də dünya kuboku, premyer liqa, A seriyası və yeniyetmələr liqası kimi vacib yarışlarda 132 medal qazanıblar. Bu medalların 29-u qızıl, 38-i gümüş və 47-si bürüncdür. İlin əvvəlində milli komandanın lideri Rafael Ağayev “kiçik dünya çempionatı” adlandırılan və 81 ölkədən 756 idmançının mübarizə apardığı Paris Premyer Liqasında gümüş, Dubayda 74 ölkədən 626 karateçinin iştirak etdiyi mövsümün ikinci Premyer Liqa turnirində isə qızıl medal qazanıb. Dubay turnirində Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) yarışı üçüncü pillədə başa vurublar. Rotterdamda Karate 1 Premyer Liqa turnirində isə komandamız üç bürünc medal qazanıb. Mərakeşdə keçirilən dördüncü Premyer Liqa turniri karateçilərimizin mayın əvvəlində Serbiyada təşkil olunan Avropa çempionatına sonuncu hazırlıq yarışı idi. Rabat sınağını dörd medalla başa vuran yığmamız mayın ilk günlərində Serbiyada keçirilən 53-cü Avropa çempionatında tarixi qələbəyə imza atdılar. Qitə birinciliyində biri qızıl, ikisi gümüş, ikisi bürünc olmaqla 5 medal qazanmaq yüksək nəticədir. Rafael Ağayev növbəti dəfə birinci yeri tutmaqla on birinci dəfə Avropa çempionu olub. Bu nəticə ilə Azərbaycan 52 ölkə arasında altıncı pilləyə qalxıb. Avropa çempionatından sonra 72 ölkədən 763 idmançının iştirak etdiyi Berlin Premyer Liqa turnirində millimiz iki gümüş və bir bürünc medal qazanıb. Bu turnirlər, həm də idmançılarımızın reytinq xallarını artırmaq baxımından əhəmiyyətlidir. Madriddə keçirilən sonuncu dünya çempionatında 140 ölkə arasında yeddinci yeri tutmağımız idmanın bu növündə yığma komandamızın potensialının yüksək olduğunu göstərir. Dünya çempionatında nəticələr bir qədər də yaxşı ola bilərdi. Müəyyən dərəcədə hakimlərin, həmçinin öz səhvlərimizin ucbatından medallardan məhrum olduq. Rafael Ağayev növbəti dünya çempionluğuna imza ata bilərdi. İlk dəfə qadınlar arasında dünya çempionluğunu qazandıq. İrina Zaretska qızıl medal əldə etdi. Bu nüfuzlu idman yarışında rekord sayda iştirakçılar arasında çəmi 27 ölkənin təmsilçisi medala sahib oldu. Karateçilərimiz bu nəticələrlə həm dünya reytinq cədvəlində irəlilədilər, həm də Tokio Olimpiadasına lisenziya verən reytinq xallarını artırdılar. Təbii ki, qazanılmış uğurlar bizi arxayınlaşdırmır. - Yeniyetmə və gənclərdən ibarət komandaların iştirak etdiyi beynəlxalq yarışlarla bağlı məlumat verərdiniz. Bu sahədə hansı nailiyyətlər əldə edilib? - Ümumiyyətlə, federasiya yeniyetmə və gənclər arasında karatenin inkişafına böyük önəm verir. İlin əvvəlindən çoxlu sayda beynəlxalq yarışda ayrı-ayrı yaş qrupları üzrə idmançıların iştirakı diqqətdə saxlanılıb. Təsadüfi deyil ki, son illər bütün çəki dərəcələrində həm qızlar, həm də oğlanlar arasında perspektivli idmançılar yetişir. Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız ilin ilk yarışında - Xorvatiyada 27-ci Qran-Pridə uğurla çıxış edərək 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Soçidə yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında karateçilərimizin tarixi nəticəsini də xüsusi vurğulamalıyam. Qırx dörd ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan komandası 4-ü qızıl olmaqla 6 medal qazanaraq beşinci yeri tutub. İranda “Tehran Open” beynəlxalq turnirində qazanılan 14 medaldan beşi qızıl, beşi gümüş, dördü isə bürünc olub. Türkiyədə Qara dəniz və Xəzər dənizi Ölkələrinin Karate Federasiyasının uşaq, yeniyetmə və gənclər arasında təşkil etdiyi çempionatda Azərbaycan karateçilərinin 34 medala sahib olmaları da sevindirici haldır. Fürsətdən istifadə edib vurğulamaq istəyirəm ki, bu təşkilata bir müddətdir mən rəhbərlik edirəm. Üç gün davam edən nüfuzlu yarışda 11 qızıl, 12 gümüş və 11 bürünc mükafata sahib olan idmançılarımız 8 ölkədən 94 klub və seçmə komandanı təmsil edən iştirakçılar arasında ikinci yeri tutublar. Tbilisidə növbəti “Georgian Open” beynəlxalq turnirində Bakı, Sumqayıt, Gəncə, Quba, Qazax, Zəngilan və digər regionları təmsil edən klubların tərkibində yüzdən artıq müxtəlif yaşlı idmançı tatamiyə çıxıb və onların arasında daha yaxşı nəticəni aşağı yaşlı karateçilərimiz göstərib. Şübhəsiz, bu nəticələrin əldə edilməsi üçün görülmüş işlər mütəmadi şəkildə davam etdirilir. Karateçilər dekabrın 17-də İtaliyada yeniyetmələr arasında bu ilin son yarışından ikisi qızıl, biri isə gümüş olmaqla üç medalla dönüblər. Karatenin kütləviliyini təmin etmək, ona marağı artırmaq məqsədilə hər il ölkəmizdə, həmçinin bir sıra beynəlxalq turnirlər təşkil edilir ki, idmançılarımız bu yarışlarda yüksək fəallıq göstərirlər. - Ölkəmizdə karate üzrə beynəlxalq turnirlərin təşkilində əsas məqsəd nədən ibarətdir? - Karatenin coğrafiyasını daha da genişləndirmək, kütləviliyini təmin etmək, uşaq və yeniyetmələrdə ona marağı artırmaq əsas məqsədlərdən biridir. Kiçikyaşlı karateçilər arasında AMKF və "Arpaçay" klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş beynəlxalq turnirdə bütün yaş qrupları üzrə Rusiya, İran, Özbəkistan, İsrail və Azərbaycanın müxtəlif regionlarından 60-dək klubun tərkibində 700-dən artıq uşaq, yeniyetmə və gənc mübarizə aparıb. İdmançılarımız bu turnirdə uğurla çıxış ediblər. Bu ilin iyununda Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunmuş Qara dəniz və Xəzəryanı ölkələr arasında karate üzrə beynəlxalq turnirdə 5 ölkədən 100 komandanın tərkibində min idmançı gücünü sınayıb. Hər il karate üzrə ənənəvi “Baku Open” turniri keçiririk ki, onun miqyası ildən-ilə genişlənir. Bu il keçmiş SSRİ-də karatenin 40 illik yubileyinə həsr olunan və üç gün davam edən IX turnirə Sovet İttifaqında karatenin banisi olan Şturmin də qonaq kimi dəvət olunmuşdu. Yarışda keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları, ümumilikdə 14 ölkədən 850-dək idmançı mübarizə aparıb. Turnir çərçivəsində dünya şöhrətli karateçimiz Rafael Ağayevin rəhbərliyi ilə uşaq və yeniyetmə idmançılar üçün seminar təşkil edilib. Gələn il ənənəvi “Baku Open” beynəlxalq karate turnirinin on illik yubileyinin daha geniş miqyasda təşkil edilməsi nəzərdə tutulub. Keçən il Naxçıvanda müstəqilliyimizin 25 illiyinə həsr olunmuş turnir təşkil etdik. Gələn ilin mayında isə muxtar respublikada beynəlxalq yarış təşkil etməyi nəzərdə tutmuşuq. Qeyd edim ki, karate üzrə Azərbaycan çempionatının yekun nəticələrinə görə, artıq bütün yaş qrupları üzrə millimizin heyəti müəyyənləşib. Növbəti il üçün plan və perspektivlər üzərində işləyirik. - Budəfəki Azərbaycan çempionatında rəqabətin səviyyəsi sizi qane etdimi? Yığmada yeni adlar var? - Əvvəlcə, onu qeyd edim ki, Azərbaycan karateçiləri dünyada ən güclü rəqiblərdən sayılırlar. Belə olan vəziyyətdə, təbii ki, rəqabət yüksək olur. Respublika çempionatından qabaq dünya çempionatı keçirilmişdi və bəzi idmançılarımız orada zədələndiklərinə görə bu yarışda iştirak etmədilər. Firdovsi Fərzəliyev və Şahin Atamov yarışlara qatıla bilməyiblər. Liqa yarışlarında iştirak edən bu idmançıların reytinq xalları yüksəkdir. Ümumiyyətlə, belə idmançılarımız “Top 50”-liyə daxil olduqları üçün onları kənarda saxlaya bilmərik. Amma, təbii ki, zədələri sağalandan sonra birinci yeri tutan idmançılarla güclərini sınayacaqlar. Çempionatın qalibləri ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər. Azərbaycan çempionatının nəticələri göstərdi ki, yığma komandanın üzvləri yüksək potensiala malikdirlər. Eyni zamanda, gənclər arasında güclü idmançılar yetişir. Ölkə çempionatına bu dəfə daha çox klub və cəmiyyətlər qatılmışdılar. - Federasiyanın idman klub və cəmiyyətlərlə əlaqələri hansı səviyyədədir? Ümumiyyətlə, karatenin inkişafında bu qurumların rolunu necə qiymətləndirirsiniz? - Budəfəki ölkə çempionatında Bakıdan və bölgələrdən 35 klub və cəmiyyətdən, o cümlədən idman idarələrindən 591 karateçi qüvvəsini sınayırdı. Onlardan 21-nin təmsilçiləri medal qazandılar. “Qara Qaplan” idman klubu, Mərkəzi Karate Məktəbi, Naxçıvanın “Arpaçay” karate idman klubu, Sumqayıt şəhərinin klubları və DİN idman cəmiyyətinin yarışlarda fəallığını xüsusi qeyd etməliyəm. Federasiya karatenin təmsil olunduğu idman qurumları ilə sıx əlaqələr qurub. Onların fəaliyyətində daim dəstək verməyə çalışır, yarışlarda, müxtəlif seminar, təlim və digər tədbirlərdə iştiraklarını təmin edirik. Karatenin inkişafında bu qurumların çox böyük rolu var. - İlk Avropa Oyunlarında karateçilərimiz böyük qələbəyə imza ataraq birinci yeri tutublar. Gələn il ikinci Avropa Oyunları keçiriləcək. Bu nüfuzlu yarışlarda komandamızın potensialını necə qiymətləndirirsiniz? - Qitə oyunlarına vəsiqəni ancaq Avropa çempionatında qazanmaq olar. Gələn ilin martında İspaniyada keçiriləcək Avropa çempionatında ilk altılıqda yer alan karateçilər köhnə qitənin növbəti nüfuzlu yarışında ölkəmizi təmsil edəcəklər. Birinci Avropa Oyunlarında 6 oğlan, 6 qız qüvvəsini sınayırdı. İdmançıların bütün çəki dərəcələrində qüvvəsini sınamaq imkanı var idi. Komandamızın üzvləri dörd finalın dördündə də qızıl medal qazanıb, ümumi hesabda birinci oldular. İdmançılarımız heç də zəifləməyiblər və düşünürəm ki, nəticələr yaxşı olacaq. - 2019-cu il “Tokio-2020”yə əsas hazırlıq ilidir. Karateçilərimiz tarixdə ilk dəfə olaraq, Olimpiya Oyunlarında iştirak edəcəklər. Yüksək nəticəyə ümid etmək olarmı? - Olimpiya Oyunlarından sonra ən böyük yarış sayılan dünya çempionatında karateçilərimiz uğurlu nəticələr qazanırlar. Növbəti ildə əsas diqqəti lisenziya xarakterli yarışlara yönəldəcəyik. Düşünürəm ki, karateçilərimizin Olimpiadada uğurlu çıxışına ümid etmək olar. Olimpiya Oyunlarında hər ölkədən kumite yarışında 3 kişi, 3 qadın, katada isə 1 qadın, 1 kişi idmançı mübarizə apara bilər. Ümid edirəm ki, “Tokio 2020”yə 3-4 vəsiqə əldə edə bilərik. Bunun üçün hazırlıq prosesinə diqqəti daha da artıracağıq. Qarşıda böyük perspektivlər var. İdmana dövlət tərəfindən göstərilən böyük diqqət və qayğı nəticəsində qarşıya qoyulan bu məsuliyyətli işin öhdəsindən yüksək səviyyədə gələcəyimizə inanırıq. 2020-ci ilin martın 26-dan 29-dək Bakıda Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli karate üzrə 55-ci Avropa çempionatı keçiriləcək. Azərbaycan son üç ildə birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 kimi nüfuzlu idman tədbirlərinə, müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatlarına yüksək səviyyədə ev sahibliyi edib. Əminik ki, Tokio Olimpiadasına son seçimlərin baş tutacağı qitə çempionatında karateçilərimiz böyük uğur əldə edəcəklər. Onu da xüsusi qeyd etmək istəyirəm ki, nəticələrə uyğun olaraq ilin yekunlarına həsr olunan tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevin təltif etdiyi idmançılar arasında karateçilər də yer alırlar. İdmanda böyük nəticələr əldə edən karateçiləri dəstəkləyən və uğurlarını yüksək qiymətləndirən, eləcə də idmançıların sosial qayğılarının həllinə həssas yanaşan dövlətimizin başçısı İlham Əliyevə milli komandanın üzvləri və federasiyanın kollektivi adından, şəxsən öz adımdan dərin minnətdarlığımı bildirir, göstərilən etimadı doğrultmağa çalışacağıq. Geri qayıt |