Əsas Səhifə > Müsahibə > "Qarabağ"ın baş meneceri: "Şəxsiyyət vəsiqəsi saxta bilet satışının qarşısını almaq üçündür" - MÜSAHİBƏ
"Qarabağ"ın baş meneceri: "Şəxsiyyət vəsiqəsi saxta bilet satışının qarşısını almaq üçündür" - MÜSAHİBƏ7-09-2017, 14:17 |
Azarkeşlərdən matçın başlamasına 2 saat qalmış stadiona gəlmələrini xahiş edirik Bakı. 7 sentyabr. “Qarabağ” futbol klubunun baş meneceri Asif Əsgərovun Çempionlar Liqasındakı (ÇL) ev oyunlarına bilet satışı və təşkilati məsələlərlə bağlı “Report”a müsahibəsi... - “Qarabağ”ın sentyabrın 27-də Bakı Olimpiya Stadionunda İtaliyanın “Roma” klubu ilə keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin II tur matçına bilet satışı necə təşkil olunacaq? - Biletlər bu gündən iTicket saytı vasitəsilə onlayn, eləcə də Bakı və Sumqayıtda ümumilikdə 18 məntəqədə satışa çıxarılacaq. Hər kəs şəxsiyyət vəsiqəsini təqdim etməklə bilet əldə edə bilər. Biletin üzərində şəxsin ad və soyadı yazılacaq. Bu, “qara bazar"ın qarşısını almaq və azarkeşlərin rahat şəkildə stadiona gəlmələri üçündür. "Böyük beşlik" çempionatlarında çıxış edən komandalarla oyunları daha çox insanın canlı izləmələri üçün Tofiq Bəhramov adına Respublika stadionunu Bakı Olimpiya Stadionuna dəyişdik. - Hər bir azarkeşin stadiona şəxsiyyət vəsiqəsi ilə gəlməli olduğuna və hərəyə bir biletin satılmasının mümkünlüyünə dair şərt birmənalı qarşılanmır... - Əvvəl deyirdilər ki, onlayn bilet yoxdur, təşkil etdik. Əvvəllər eyni yerə 2-3 biletin satıldığına dair söz-söhbətlər də var idi. Şəxsiyyət vəsiqəsi bütün bunların qarşısını almaq üçün tələb olunur. Bir şəxs bir neçə şəxsiyyət vəsiqəsi təqdim etməklə və həmin sənəddəki bilgilər qeyd olunduqdan sonra onların sayı qədər bilet ala bilər. Yaxud da internetə daxil olaraq, onlayn bilet almaq mümkündür. - Əvvəlki matçlarda holoqram yoxlanılmadığı üçün saxta bileti olan şəxslər tribunaya keçə bilirdi. Burada isə qarışıqlıq və mübahisələr müşahidə olunurdu. Belə hallara qarşı hansısa tədbir görüləcək? - Bəli, barkod sistemi olacaq və bir biletlə yalnız bir adam içəri keçə biləcək. Həmçinin, sistem saxta biletləri oxumayacaq. Bu məsələlərdə polislə birgə işləyirik. Saxta bileti olanlarla bağlı onlar tərəfindən ölçü götürüləcək. - Belə başa düşdük ki, I Avropa Oyunlarında və IV İslam Həmrəyliyi Oyunlarındakı sistem tətbiq ediləcək... - Təhlükəsizliklə bağlı nəsə deməyim düzgün olmaz. Lakin oyunun təşkilatçılığı və azarkeşlərimizin rahatlığı üçün lazım olan işlər görüləcək. Başqa fikri olmayan hər bir azarkeşimizə qapımız açıqdır. - Azarkeşlərə nələri tövsiyyə edərdiniz? Məsələn, oyunun başlama saatından nə qədər əvvəl stadiona gəlsinlər? - Birincisi, çox sağ olun ki, bu məsələni qaldırırsınız. Bütün mətbuatdan bu məsələdə kömək göstərmələrini xahiş edirəm. Bu, kütlənin təlimatlandırılması üçün çox vacib məsələdir. Azərbaycanda insanlar oyuna 10 dəqiqə, yarım saat qalmış gəlirlər. Belə olan halda isə böyük sıxlıqlar yaranır. Stadionun qapılarını ən azı 3 saat əvvəl açmağı planlaşdırırıq. Azarkeşlərdən matçın başlamasına 2 saat qalmış stadiona gəlmələrini xahiş edirik. Nə qədər tez gəlsələr, özlərinə də yaxşıdır. Hər şeyi son ana saxlamamaq lazımdır. Belə durumda yarana biləcək hansısa anlaşılmazlığı önləmiş olarıq. - Ev oyunlarınızı keçirdiyiniz Tofiq Bəhramov adına Respublika stadionu ilə müqayisədə Bakı Olimpiya Stadionunun tutumu iki dəfə çoxdur. Matça hətta 40-50 min insan gəlsə belə, tribunalarda boşluqlar görünəcək və bu da birmənalı qarşılanmayacaq. Bu mənada stadionu doldurmaq üçün hansı tədbirləri görməyi düşünürsünüzmü? - Matça böyük kütlənin gələcəyinə əminik. İnsanlarımız “Qarabağ”ı sevirlər və böyük klublarla oyunlarda azarkeşlik etmək istəyirlər. Rəqibləri Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəndə böyük tələbat vardı “Stadion kiçikdir, niyə burada oynayırsınız?”, - deyə soruşurdular. Biz də Bakı Olimpiya Stadionuna keçdik ki, istəyənlərin hamısı gələ bilsin. Stadion dolmayandan sonra heç nə deyə bilmərəm. Amma bzi stadionun dolacağını gözləyirik. “Qarabağ”sevərlərin sayı o qədər az deyil ki, stadion dolmasın. - Təbliğati baxımdan hansı işləri görməyi planlaşdırırsınız? - Onu indi açıqlamayaq, lakin görəcəyimiz işlər var. - Azarkeşlər üçün hansısa əyləncəli proqramı nəzərdə tutulubmu? - ÇL-in proseduruna uyğun olaraq, stadion ətrafında bunları ev sahibi yox, UEFA-nın 8 baş sponsoru həyata keçirə bilər. Hazırda bütün fikrimiz sentyabrın 12-də “Çelsi”yə qarşı İngiltərədə oynayacağımız qarşılaşmaya yönəlib. Lakin Bakı Olimpiya Stadionunda təşkilatı işlərlə də məşğuluq. - Təşkilati işlərdən söz düşmüşkən, stadionun ot örtüyünün ev oyunlarına hazırlanma prosesi necə gedir? - Hazırda mütəxəssislər otun təmiri ilə məşğuldurlar. Onlar “Roma” ilə sentyabrın 27-də keçirəcəyimiz ilk ev oyununadək ot örtüyünün ideal vəziyyətdə olacağına dair bilgi veriblər. Prosesə Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünə qulluq edən ingiltərəli mütəxəssis Fil Şarplesi də cəlb etmişik. Məsələyə sırf “Qarabağ”ın oyunu baxımından yanaşmayın. Bu, dövlətimizin, Azərbaycan adının Avropada təmsil olunması deməkdir. ÇL-də çıxış edən 32 klubdan biri də “Qarabağ”dır. Komandanın adının yanına “Azərbaycan” yazılır. Ona görə də istər AFFA, istər Gənclər və İdman Nazirliyi, istərsə də digər qurumlar bizə dəstək verməyə hazırdırlar və dəstək verirlər də. REPORT.AZ Geri qayıt |