Əsas Səhifə > Müsahibə > "Bütün günahı sırf Yaşar Vahabzadənin üstünə atmaq düzgün deyil"

"Bütün günahı sırf Yaşar Vahabzadənin üstünə atmaq düzgün deyil"


7-09-2017, 12:55
"Bütün günahı sırf Yaşar Vahabzadənin üstünə atmaq düzgün deyil"

“Yaşar Vahabzadənin vəzifəsindən getməsi bizim üçün də gözlənilməz qərar oldu. Məşqçilər Komitəsi olaraq toplanıb bunu müzakirə edəcəyik”.
Bunu AFFA İcraiyyə Komitəsinin üzvü və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadənin müqaviləsinə xitam verilməsinə münasibət bildirərkən deyib.

58 yaşlı mütəxəssis bildirib ki, İsrail və İrlandiya yığmaları ilə Avropa çempionatının seçmə mərhələ matçlarında 1:3 hesablı məğlubiyyət yalnız baş məşqçinin nöqsanları üzündən baş verməyib. Onun sözlərinə görə, yığma daha əvvəl Y.Vahabzadənin rəhbərliyi altında uğurlu nəticələr əldə edib: “Belə məğlubiyyətdən sonra bütün günahı sırf Vahabzadənin üstünə atmaq düzgün deyil. Gərək, ona dayaq olmaq üçün imkan yaradaq. Yaşar müəllim 3 ay əvvəl bizə "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qalibiyyət sevinci bəxş edən baş məşqçidir. Daha əvvəl gənclər yığması ilə uğurlu nəticə əldə edib. Yəni, Avropa çempionatının seçmə mərhələsindəki zəif göstəriciləri sırf onunla bağlamaq olmaz. Lakin görünür, özü də yorulub və ona görə vəzifəsindən gedib. Vahabzadə hesabat verərkən, orada olmadığım üçün müqaviləsinə xitam verilməsi barədə dəqiq nəsə deyə bilmərəm. Lakin onun özünün istefa verdiyini təxmin edirəm. Belə başa düşürəm ki, bu, istefadır və AFFA İcraiyyə Komitəsinin iclasında təsdiqini tapacaq”.

V.Sadıqov yığma komandalarda yer alan milliləşdirilmiş futbolçuların zəif çıxış etmələrinin ictimaiyyətin narazılığına səbəb olmasına da toxunub. O, deyib ki, milliləşdirmə prosesi müvəqqəti xarakter daşıyır: “Dünyada gedən proseslərdən kənar qalmamalıyıq. Çoxlu sayda əcnəbi oyunçuya ehtiyac olmasa da, tələb olunan bəzi mövqelərə tək-tük milliləşdirmə ola bilər. Lakin bu, öz oyunçularımızı yetişdirib yüksək səviyyəyə çatdırana qədər müvəqqəti xarakter daşıyacaq”.

Təcrübəli mütəxəssis Məşqçilər Komitsənin Y.Vahabzadənin gedişindən sonra boşalan posta öz namizədlərini irəli sürməyə hazır olduqlarını söyləyib. V.Sadıqov milliyə rəhbərlik etməyə namizəd göstərilən Rəşad Sadıqov və Tərlan Əhmədov variantlarına da münasibət bildirib: “Hər ikisi milli komandada işləməyə layiq olan insanlardır. Daha əvvəl yığmalara baş məşqçi təyinatı zamanı Məşqçilər Komitəsinin üzvləri ilə də məsləhətləşmələr aparılıb. Bu dəfə də təcrübəli mütəxəssislər olaraq bir neçə namizəd təklif edə bilərik. Azərbaycanda bu yükün altına girə biləcək yerli mütəxəssislər var”.

Qeyd edək ki, sentyabrın 6-da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının seçmə mərhələsində İsrail və İrlandiya yığmalarına 1:3 hesabı ilə uduzduqları hər iki matçla bağlı AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib. Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında 57 yaşlı mütəxəssisin U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib. (“Report”)
Geri qayıt