Əsas Səhifə > Müsahibə > ""Qaradağ Lökbatan"ın dağılması ilə bağlı jurnalistlərdən eşidirdim"
""Qaradağ Lökbatan"ın dağılması ilə bağlı jurnalistlərdən eşidirdim"7-08-2018, 17:14 |
Ötən mövsüm tarixinin ən uğursuz dönəmini yaşayan "Qaradağ Lökbatan" üçün heç də yaxşı bitmədi. Əslində hər şey komanda üçün yaxşı başlamışdı. Qarşısına çıxanı məğlub edən lökbatanlılar mövsümün ikinci hissəsində ən yaxın rəqibini minimum 19 xal qabalayırdı və artıq çempionluq təbrikləri gəlməyə başlamışdı. Amma fələk çarxı necə fırlatdısa, komanda mövsümün sonunda 2-ci pilləni tutmalı oldu. Birinci divizionun qızıl medallarını isə "Xəzər"in futbolçuları boyunlarına taxdılar. Bu bəlkə də nəinki Azərbaycan, dünya futbolunda baş verən nadir hadisələrdən oldu. Özünə lazım olan 1-2 qələbəni qazana bilməyən "Qaradağ Lökbatan" bunun nəticəsinə boyun əyməli oldu. Düzdü nəticəyə görə komanda ilə bağlı müxtəlif fikirlər səsləndirildi. Hətta adı oyun alğı-satqısında hallandırıldı. Mövsüm bitəndən sonra isə klubun dağılması haqda müəyyən söz-söhbətlər yayıldı. Ancaq məsələ heç də belə deyil. "Qaradağ Lökbatan" fəaliyyətini davam etdirir və yeni mövsümdən etibarən birinci divizionda çıxış edəcək. Sadəcə, azarkeşlər istər heyət, istər məşqçi, istərsə digər məsələlər baxımından meydanlarda tamamilə yenilənmiş "Qaradağ Lökbatan" görəcək. Ötən mövsüm yaşananlara gəlincə, hər halda bu yazını oxuyandan sonra müəyyən qənaətə varmaq mümkün olacaq. Elə isə klubun prezidenti Tahir Mustafayevin dediklərinə nəzər salaq. Futbol oynamağa davam edəcəklərini bildirən prezident açıqlamasında bəzi mətləblərə aydınlıq gətirib: "Qərarımızı verdik, oynayacağıq. Artıq məşqlərimiz də başlayıb. Hazırda seleksiya prosesi gedir. Baxışa oyunçular çağırırıq. Limitlə bağlı qərar çıxandan sonra, nəinki biz, demək olar bütün komandalar "0"dan başlayır. Gəncləri baxışa çağırmışıq. Aralarında bəyəndiklərimiz var. Dəqiq bilinmir çempionat nə vaxt başlayacaq. Yəqin ki, bu həftə püşkatma olacaq. Bilirsiz ki, "Qəbələ" də oynamaqdan imtina etdi. Bir yer boş qalır. Yəqin ki, ora klub axtarırlar. "Qaradağ Lökbatan"ın dağılması ilə bağlı jurnalistlərdən eşidirdim. Amma heç vaxt belə söhbət olmayıb. Düzdü ötən mövsüm başımıza gələnlərə görə əsəbiləşmişdik. Rəqibdən 15 xal öndə idik, amma sonda ikinci yeri tutduq. Gərginlik çox idi. Nəticədə komandanın yenilənməsinə qərar verdik. Limitlə bağlı elə bir qərar verildi ki, komandanı istər-istəməz yeniləməlisən. Belə götürəndə 25 futbolçu tapmalısan. 1 aya da bu qədər futbolçu tapmaq qeyri-peşəkarlıqdı. Yəni söhbət futbolçudan gedirsə, 1 aya 25 nəfər tapmaq mümkün deyil. Ölkədə böyük futbolçu kütləsi də yoxdu ki, rahat olsun. Sadəcə, əlini atacaqsan bir neçə yaxşı futbolçu tapacaqsan vəssalam. Biri pis, biri yaxşı, çalışacağıq normal komanda formalaşdıraq. Qərara da hörmətlə yanaşırıq. Heç kimdən geri qalmamaq üçün əlimizdən gələni edəcəyik". Tahir bəy növbəti mövsüm üçün məqsədlərini də açıqladı: "Qaradağ Lökbatan" həmişə çempionluğa oynayır. Məqsəd gəncləri yetirşdirməkdi. O cümlədən də çempionluq. Niyə olmasın ki? İndidən çempionluqdan əlimizi üzsək, daha bunun marağı qalmaz. bununla yanaşı gənc perspektivlər yetişdirəcəyik. Bütün gücümüzü buna sərf edəcəyik ki, futbolçu yetişsin. Həqiqətən belədi. İllərdi çempionluğa oynayırıq, amma müəyyən səbəblərə görə Premyer Liqaya buraxılmırıq. Ondansa gəncləri yetişdirək, üstəgəl çempionluq. Çempionluq həmişə bizim üçün ilk planda olub. Yoxsa gənclər yetişməz. Həm də çempionluğa oynayan komanda üzdə olur. Bununla yanaşı qol vuran hücumçusu, keyfiyyətli futboçuları olur. Ona görə də məqsəddi. Çempionluq üçün heyət yığacağıq, amma gənclərə üstünlük veriləcək. Düzdü əvəzedicilərdə yaxşı futbolçular çoxdu, əksəriyyəti yüksək dəstəyə namizəddi. Amma onlardan geri qalmamağa çalışacaq və meydana hər bir rəqibi məğlub etmək üçün çıxacağıq. Gənclərlə yanaşı bir neçə təcrübəli futbolçu da dəvət edəcəyik. Çünki hamısı cavan olsa, bu aşağı yaş qruplarından ibarət komandaların çempionatına çevrilir. Heç olmasa 2-3 təcrübəli oyunçu götürəcəyik ki, gənclər də onlara baxıb nəsə götürsün. Meydanda lider olsunlar. Ötənilki heyətdən heç kimi saxlamamışıq, hamısı azaddılar. Bilirsiz, alınmadı. Bu boyda xal hesabını... And ola Allaha hələ ikinci dövrə başlamamış çempionluğa görə təbrik edirdilər. Sonra həmin insanlar qızıl medalı boyunlarından asdı, bizi isə gümüş medala görə təbrik etdi. İki dəfə təbrik ediblər bizi. Gümüşü də, qızılı da almışıq (gülür)". Mustafayev ötən il baş verənlərə yenidən toxundu və hələ də qaranlıq məqamlar olduğunu söylədi: "Komandamız haqda bəzi, boş-boş söhbətlər gəzirdi. Vallah elə bir şey olmayıb. Futbolçu bir oyunda topu 4 dəfə dirəyə vururdu. Heç 100 dənə topu qoysan və desən ki, bunları tirə ya da dirəyə vur, vura bilməz. Bir qədər bəxt amili də səbəb oldu. İnanın, şokdan hələ indi-indi ayılıram. Bu nə idi başımıza gəldi? Niyə elə olduğunu bir Allah bilir. Amma ola bilməz ki, komanda 14 oyun qumar oynasın, mən və ya məşqçi bunu görməsin, mümkün deyil. İkincisi də ki, bizə 2 qələbə lazım idi. Qumar oynayan 2 qələbəni qazanardı. Belədə həm çempion olardıq, həm də rəqib qazanardı. Ya 14 oyun keçirdik, ya 12, fərq etməz. Məntiqlə düşünsək belədi. Həqiqətən elə vaxt oldu ki, cəmi 1 qələbə lazım idi. Qumar oynasaq, onu həyata keçirərdik də. Bizdə kişi kimi söz qoyulmuşdu ortaya. Bilən də danışır bilməyən də. Haqqımızda o murdar sözləri işlədənlərə mənim adımdan necə istəyirsiz, elə də cavab yazın. Doğurdan da elə şey ola bilməz. Bar-bar bağırırdım ki, kimsə nəsə bilirsə ortaya fakt qoysun. Biz də həmin oyunçuya sözümüzü deyək. Düzdü başımıza gələn hadisələr belə bir şeyin olduğuna bənzəyir. İnanın səmimiyyətimə, and ola Allaha "Qaradağ Lökbatan" olaraq qumara qarşı savaşmışıq. Hətta elə şeylər var ki, açıqlamaq istəmirəm, çünki klubdaxili iclaslarda olub. Onları da eşitsəz, anlayarsız ki, qumar söhbəti olmayıb. Bəzi jurnalistlər ağzına gələni yazır. Halbuki gəlib stadionda hansısa oyunumuza 1 dəqiqə belə baxmayıb. Adama deyərlər ki, sən bizim oyunumuzu görmüsən ki, ağzına gələni yazırsan? Nədənsə şübhən varsa, əvvəl məndən soruş, dediklərimi yaz. Niyə gecə ilə ağlına gələni yazırsan? Bu ləkədi. Halallığı yoxdu, uşaqların üstünə, "Qaradağ Lökbatan"a qara ləkə yaxırlar. 26 oyunun yarısından çoxunu lider kimi keçirdik. Hətta 9 oyun məğlub olsaq da belə birinci yerdə idik". Tahir bəy hakimlərlə bağlı da danışdı: "Müəyyən rolu oldu. Amma komanda qapıçının yanında oturubsa, buna hakim nə etsin? Düzdü elə oyun olub ki, təmiz qolumuz sayılmayıb. Var qərəz, var səhv. Bunu da Allah bilir. Yəqin ki, 14 oyun bizə qarşı qərəzlik etsəydilər bunu anlayardıq. Yəni, 14 oyun hakim bizi məğlub etsin, durub baxaq, bu mümkün deyil. hakimlərin və ya başqalarının üstünə heç nə atmıram. Birmənalı şəkildə səhv özümüzdədi. Builki "Qaradağ Lökbatan"a ikinci dövrədən sonra nə baş məşqçi, nə hakim, nə də mən lazım idim. 11 təcrübəli futbolçu meydana çıxıb, cəmi 2 qələbə qazanıb komandanı çempion etməli idilər. Mən bunu kimin üstünə atım? Bu bizim böyük səhvimizdi. Öz-özümə sual verirəm ki, "bu boyda şansı qaçırdım, gələn il neçə xal irəlidə olmalıyam ki, çempionluğu qazanım?" Necə olur, 15 xal irəlidə olasan, gəlib səni keçələr. 14 oyundan cəmi 2-ni udmaq lazım idi, bunu bacarmadıq. Qazansaydıq, çatan olmayacaqdı". Klub prezidenti artıq yeni baş məşqçi ilə yola davam edəcəklərini bildirdi: "Hə artıq dəyişmişik. Komandanı Elçin Dərgahquliyevə tapşırmışıq. "Qaradağ Lökbatan"ın U-19 komandasında işləyirdi, bu gün isə əsas baş məşqçimizdi. Ümumiyyətlə klubun inzibatçısına kimi dəyişdik. Qısası, 0-dan başladıq. Bilirsiz, bu nəticə bağışlanılmaz idi. Heç özüm-özümə bunu bağışlamıram". Tahir bəy baş verənlərə görə futboldan incidiyini də söylədi. O düşünür ki: "Bir mövsümdə ən yaxşını da biz etdik, ən pisi də (gülür). Qızıl medala görə bizi təbrik edənlər gəlib gümüş medala görə də xoş sözlər dedilər, neyniyəsən? Belə baxırsan, adam yanıb-tökülür. Bir nəfər də göstərmir ki, sənin futbolçun qumar oynayır. Göstərən yoxdu, danışan var. Bu gün də axtarıram. Tapana kimi də axtaracam. Oyun satan futbolçu olubsa, o tapılacaq. Tapılmasa da axtara-axtara qalacam. 19 xal bizdən geridə qalan komanda çempion oldu. Hətta bəzi an oldu ki, fərq 21 xala çatmışdı. Doğurdan da, vallah futbol bizə qarşı qəddarlıq etdi. Bu qədər qəddarlıq olmaz. Özündənrazılıq kimi çıxmasın, 16 oyunda, kimə nə qədər istəsək qol vururduq. Bəs necə oldu ki, 1 qələbənin həsrətində qaldıq? Hətta ikinci dövrədə 1 dəqiqə bizə belə köməyi dəyməyən futbolçuları oynadırdıq. Ruslan Tağızadəni, Ramazan Abbasovu, Afiqi götürmüşdük. Maraq üçün hətta gedib siyahı da çıxarmışdım. Heyəti gücləndirmişdik. Nə etdiksə alınmadı. Uşaqlar da gəlib and-aman edirdi ki, "vallah alınmır". Möcüzə nədi? Emin Mustafayev savadlı futbolçudu. "Turan Tovuz"la oyunda cərimə zərbəsi zamanı topu cəmi 1 metr məsafədən ayağının içi ilə ötürüb "açılmalıdı". Halbuki həmin anda ayağının ucu yerə dəyir. Öz-özümə fikirləşirəm ki, "necə olur?" Şəxsən heç bir futbolçudan şübhələnməmişəm. Amma öyrənib bilsəm ki, kiminsə nəticənin əlehimizə çevrilməsində bilərəkdən rolu var, inanın hər şeyi gözümün qarşına gətirərəm və o adam üçün çox pis olar. Doğurdan da dəhşətli şeylər baş verər. Çempionat mənim üçün bitməyib. "Niyə belə oldu?" sualına cavab tapmamışam. Elə insan varsa onu tapmaq üçün vuruşacam. Kimsə nəsə bilirsə bizə desin. Amma gedib orda-burda danışmasın. PFL-dən də soruşub maraqlanırıq. Qumarla bağlı adımız heç yerdə hallanmır. Zərrəcə şübhələndiyim nəsə olsa düşüb meydanda oyunu saxlayaram. Elə yerindəcə hər şeyi qabardaram. Çünki klubun adına ləkədi. Klubdakı 8-ci mövsümümü keçirirəm. Orta hesabla 200 rəsmi oyun keçirmişik, hamısında da stadionda olmuşam. Adama deyərlər ki, "bəs nəyə baxırsan, komandan qumar oynayır sən görmürsən?" 14 oyun qumar getsə bilmərəm? Mən futbola arxa tərəfimdən baxmıram ki. Mümkün deyil. İnşallah, belə futbolçu varsa tapacam. Gecə-gündüz dua edirəm ki, nəsə olubsa üzə çıxsın. Amma olmadığına da əminəm. Çünki öncə gözlərimə inanıram. Bununla yanaşı yenə də düşünürəm ki, futbol bizə qarşı qəddarlıq etdi. Futboldan incimişdim. Sadəcə, niyə belə olduğunu bilmirəm". Prezident klubun bazası ilə bağlı bunları dedi: "Birindən pisiksə, 15-dən yaxşıyıq. Şükür Allaha hər şey qaydasındadı, meydançamız normal vəziyyətdədi. Səliqəli-səhmanlı bazamız ar. Orda çox futbolçular yetişəcək. Bu ildən planlı şəkildə çalışacağıq. Bir qədər meydança ilə bağlı çatışmazlıqlar var. Çünki gündə neçə dənə süni meydança çıxır. Amma otelimiz, trenajor zalımız, akademiyamız, aşağı yaş qruplarından ibarət komandamız var". (Sport7.az) Geri qayıt |