Əsas Səhifə > Müsahibə > Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümBu gün, 20:27 |
![]() Bu yarış ən böyük turnirlərdən biri olduğu üçün çox ağır keçdi. Komanda olaraq hər bir idmançı çox yaxşı hazırlaşmışdı, çünki 5-6 ay bizim ağır hazırlıq prosesimiz getdi. Şükürlər olsun ki, hamımız yaxşı çıxış elədik və hər gün medal götürdük. İndi daha iki günümüz var. Ümid edirəm ki, medal sayını artıracağıq. BrendSport.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kiloqram) jurnalistlərə açıqlamasında deyib. M.Fətiyev atasının da cüdoçu olduğunu və onun arzularını reallaşdırmaq üçün çalışdığını söyləyib: “Atam həmişə deyirdi ki, sən dünya çempionu olmalısan. Bu onun ən böyük arzusu idi. Lakin özünün zədəsi olmuşdu. Tatamiyə çıxanda da birinci onu fikirləşirdim ki, dünya çempionu olum, atamı sevindirim. Çünki o, idmanla nəfəs alır. Məni də belə böyütdü, 4 yaşımdan idmanla məşğul oluram. Şükürlər olsun ki, Avropa və dünya çempionu olmuşam. Ümidvaram ki, gələcək yarışlarda Olimpiya çempionu da olaram”. Komanda yoldaşlarının uğurlarından ruhlandığını bildirən cüdoçu deyib: “Komanda yoldaşlarım medal qazandıqca mən daha da həvəslənirdim. Çünki görürdüm ki, hər biri medal qazanır və düşündüm ki, mən də medal götürə bilərəm. Əslində məqsədim finala yüksəlmək və qalib gəlmək idi, amma belə alındı. Əsas odur ki, günü medalla başa vurduq”. İdmançı hədəflərindən və Olimpiya lisenziyası uğrunda mübarizədən söz açıb: “Bundan sonra da ağır yarışlarımız var, çünki Olimpiya lisenziya xalları verən turnirlər başlayır. Keçən dəfə son anda rəqibim məni qabaqladı və Olimpiadaya o yollandı. İdmanda belə hallar olur. Nəticənin necə olacağını zaman göstərəcək, öncədən böyük danışmağı sevmirəm. Kim daha güclüdürsə, o da lisenziyanı qazanıb gedəcək. İnşallah, maksimum çalışacağam ki, Olimpiya oyunlarında ölkəmizi mən təmsil edim”. Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Hazırda Azərbaycanın aktivində 1-i qızıl, 1-i gümüş, 3-ü bürünc olmaqla ümumilikdə 5 medal var. Geri qayıt |