Əsas Səhifə > Müsahibə > Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik
Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirikBu gün, 16:48 |
![]() Dünya çempionatında idmançılarımızın hazır olması püşkatmanın nəticələrindən daha önəmlidir. BrendSport.az xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq cüdoçusu Orxan Səfərov Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib. O, milli komandamızın üzvlərinin reytinq cədvəlində yuxarı pillələrdə yer aldığını bildirib: "Püşkatma təbii ki, vacib amildir. Lakin idmançılarımız hazır olduqları təqdirdə püşkün necə olmasının elə də böyük əhəmiyyəti qalmır. Komandamızın hər bir üzvünə inanırıq. Cüdoda öncədən dəqiq proqnoz vermək çətindir, çünki hər yarışda sürpriz nəticələr qeydə alına bilir. Buna baxmayaraq, milli komandamızın doğma azarkeşlər önündə uğurla çıxış edəcəyinə əminəm". Sabiq cüdoçu komandamızın əsas ümid yerlərindən də söz açıb: "Balabəy Ağayev, Olimpiya çempionumuz Hidayət Heydərov, Zelim Tçkayev və Zelim Kotsoyev kimi təcrübəli idmançılarımız var. Onların beynəlxalq arenadakı təcrübəsi və qazandıqları nəticələr bu turnirdə də yüksək əyarlı medallar əldə etməyimizə imkan verəcək". O.Səfərov bəzi çəki dərəcələrində ölkəmizin üç idmançı ilə təmsil olunmasına da münasibət bildirib: "Bu, bir tərəfdən böyük üstünlükdür. Lakin digər tərəfdən idmançılarımızın erkən mərhələdə bir-biri ilə qarşılaşma ehtimalını da artırır". Qeyd edək ki, oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda 97 ölkədən 640 cüdoçu mübarizə aparacaq. Azərbaycan yarışda 12 çəki dərəcəsində 23 idmançı (17 kişi, 6 qadın) ilə təmsil olunacaq. Geri qayıt |