Əsas Səhifə > Müsahibə > Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik


Bu gün, 17:09


Püşkatmanı pis qiymətləndirməzdim. Yalnız komanda yarışlarında ikinci görüşümüz Yaponiya seçməsinə təsadüf etdi. Digər bütün çəki dərəcələrində cüdoçularımız “top-10”luqdadır və reytinq sırasındadırlar. Bu səbəbdən hər bir idmançımızdan medal gözləyirəm.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycanın sabiq cüdoçusu Rüstəm Orucov Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O, komandamızın çempionatdakı hədəflərinə də toxunub: "Dünya çempionatlarındakı iki qızıl medal rekordumuzu təkrarlamaq, hətta daha çox medal qazanmaq potensialımız var. Şəxsən mən yarışdan iki qızıl medal və ümumilikdə yüksək medal sayı gözləyirəm".

R.Orucov 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatı ilə indiki turnir arasındakı fərqləri də şərh edib: "O vaxt nəticələrin zəif olması psixoloji amillərlə yox, hazırlıq prosesinin düzgün qurulmaması ilə bağlı idi. Bir nəfər məğlub olsaydı, bunu fərdi xəta saymaq olardı, lakin o vaxt bütün komanda uğursuzluq yaşadı. İndiki federasiya rəhbərliyi ilə o dövrkü fərq çox böyükdür və hazırlıq səviyyəsi tamamilə fərqlidir".

Sabiq idmançı rəhbərlik etdiyi klubun fəaliyyətindən də söz açıb: "Hələlik rəsmi beynəlxalq yarışlarda iştirak etməsək də, yetirmələrimiz klub adından beynəlxalq turnirlərə qatılırlar. İki dəfə Latviyada, həmçinin Polşada keçirilən yarışlarda iştirak ediblər. Klubumuz yavaş-yavaş böyüyür və inkişaf edir".

Qeyd edək ki, oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında təşkil olunacaq mundialda 97 ölkədən 640 cüdoçu mübarizə aparacaq. Azərbaycan yarışda 12 çəki dərəcəsində 23 idmançı (17 kişi, 6 qadın) ilə təmsil olunacaq.
Geri qayıt