Əsas Səhifə > Müsahibə > “İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm”
“İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm”13-08-2025, 19:28 |
![]() BrendSport.az xəbər verir ki, bu sözləri U20 Avropa çempionu Vasif Bağırov söyləyib. Sərbəst güləş üzrə U20 Avropa çempionu Vasif Bağırovun (57 kq) müsahibəsi: – U20 Dünya çempionatına hazırlıq necə gedir? Özünü yarışa neçə faiz hazır hiss edirsən? – Hazırlığımız plan üzrə gedir. Həm texniki, həm də fiziki cəhətdən intensiv məşqlər keçirik. Hər gün hədəfimə bir addım daha yaxınlaşıram. – Üç il əvvəl U17 Avropa və dünya çempionu olmuşdun. Bu il eyni nəticəni U20-də təkrarlaya bilərsən. Səncə alınacaq? Bunun üçün nə lazımdır? – İnancım tamdır. Əlbəttə ki, uğur üçün yalnız istedad kifayət etmir. Böyük zəhmət, düzgün hazırlıq planı tələb edir. Mən hazırda bunun üzərində çalışıram. – Dünya çempionluğu yolunda əsas rəqiblərin hansı güləşçilər olacaq? – Rəqiblərim arasında bir neçə tanınmış dünya və Avropa medalçıları var. Bu kateqoriyada çox güclü idmançılarla yarışacağam. Hər birinin öz üstün cəhətləri var. Hər birinə eyni ciddiyətlə yanaşıram. – Gələcəkdə özünü yuxarı çəkidə sınamaq fikrin var? – Hələ ki, 57 kq-da özümü rahat hiss edirəm. Bu çəkidə hədəflərim çoxdur. Amma gələcəkdə orqanizmim və nəticələrim imkan versə, yuxarı çəkidə də özümü sınamaq istəyərəm. – Daha güclü olmaq üçün hansı keyfiyyətlərini inkişaf etdirməyə çalışırsan? – Gündəlik məşqlərlə həm gücümü, həm sürətimi artırıram. Daha dözümlü olmaq üçün çox çalışıram. Ən əsası isə özümü psixoloji cəhətdən yarışa hazırlayıram. – Özünü 3 il sonra keçiriləcək Olimpiya Oyunlarında görürsən? – Bəli, bu hər bir idmançı kimi, mənim də ən böyük hədəflərimdən biridir. Ora düşmək üçün çox güclü hazırlaşıram. İnanıram ki, zəhmətimin qarşılığını Olimpiya xalçasında görəcəyəm. Geri qayıt |