Əsas Səhifə > Müsahibə > Azərbaycan Gimnastika Federasiyasının baş katibi: İli bizim üçün uğurlu hesab etmək olar - MÜSAHİBƏ
Azərbaycan Gimnastika Federasiyasının baş katibi: İli bizim üçün uğurlu hesab etmək olar - MÜSAHİBƏ11-12-2023, 17:44 |
BrendSport.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə AZƏRTAC-ın suallarına cavablandırıb. Həmin müsahibəni təqdim edirik. - Başa çatmaqda olan 2023-cü ili Azərbaycan gimnastikası üçün necə dəyərləndirirsiniz? - İli uğurlu hesab etmək olar. Çünki 2023-cü il tarixi nailiyyətlərlə yadda qaldı. Akrobatlarımız Avropa çempionu oldular. Onlar yeddi qızıl və iki gümüş medal əldə etdilər. Təbii ki, bu nəticələr bizi çox sevindirir. Müasir zamanda idman dəyişir və gimnastika növləri də inkişaf etməlidir. İnanıram ki, idmançılarımız günün nəbzini tutaraq, öz karyeralarını daha da təkmilləşdirəcəklər. - Bu il Azərbaycanda gimnastika üzrə bir sıra vacib turnirlər təşkil olunub. Həmin yarışlar barədə nə deyə bilərsiniz? - Bildiyiniz kimi, gimnastikanın dörd növü üzrə Dünya Kuboku yarışlarına ev sahibliyi etmişik. Bu, fevral, mart və aprel aylarını əhatə edib. Bundan sonra isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olundu. Burada əldə olunan nailiyyətlərin Azərbaycan gimnastika tarixində mühüm rolu var. İlk dəfə olaraq, bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Avropa çempionu adına layiq görüldü. Bundan başqa, Zöhrə Ağamirovanın qitə birinciliyində bürünc mükafat qazanması onun karyerasında dönüş nöqtəsi oldu. Ardınca daha üç beynəlxalq yarış baş tutdu. Aprel ayında gənclər və böyüklər arasında yarış keçirildi. Federasiyamız tərəfindən 2016-cı ildən etibarən hər il Bakıda orta hesabla 5-6 turnir təşkil olunur. Həmçinin bu il Naxçıvan ilk dəfə beynəlxalq turnirə ev sahibliyi etdi. Gələcəkdə bunu ənənəyə çevirməyi düşünürük. Qubada bədii gimnastika üzrə Azərbaycan birinciliyi baş tutdu. Bölgələrdə keçirilən yarışların sayının artması gimnastikanın daha çox inkişaf etməsinə təkan yaradacaq. Quba Olimpiya İdman Kompleksinə gələn tamaşaçı sayından başa düşdük ki, bölgələrimizdə, xüsusilə, bədii gimnastikaya maraq çoxdur. Belə yarışların təşkili yığma komandamızda bölgə gimnastlarını görəcəyimizə dair ümidləri artırır. Əminəm ki, düşündüyümüzü həyata keçirə biləcəyik. Sonra paytaxtımızda ikinci dəfə “Ocaq cup” adlı beynəlxalq yarış reallaşdı. Bundan əlavə, hər il milli turnirlər təşkil edirik. - Bədii gimnast Zöhrə Ağamirova İspaniyanın Valensiya şəhərində keçirilmiş dünya çempionatında “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə etdi. Onun ikinci dəfə olimpiadada iştirak hüququ qazanmasını necə şərh edərdiniz? - Bəli, bu, onun ikinci lisenziyasıdır. Ümid edirik ki, gimnastımız ölkəmizi layiqincə təmsil edəcək. Bədii gimnastika üzrə qrup hərəkətləri komandamızın da Olimpiya Oyunlarında iştirak üçün lisenziya qazanmaq şansları var. Onlar hazırda Avropa çempionatına hazırlaşırlar. Bu turnirdə olimpiadaya lisenziya oynanılacaq. İnanırıq ki, bacaracaqlar. Kişi idmançılardan da iki gimnastımızın belə şansı var. İvan Tixonov gələn il baş tutacaq Avropa çempionatında çoxnövçülük, Nikita Simonov isə Dünya Kubokunda halqa ilə hərəkətlər üzrə Olimpiya lisenziyası götürə bilər. Qadın gimnastlar arasında isə Nazənin Teymurovanın şansı var. O, Avropa çempionatı ilə yanaşı, Dünya Kubokunda lisenziya əldə etmək uğrunda mübarizə aparacaq. Batut gimnastikasında isə Selcan Mahsudovadan lisenziya gözləyirik. Gimnastikanın digər növlərindən fərqli olaraq, batutda yalnız dünya və Avropa çempionatlarında lisenziya oynanılır. Dünya Kuboku yarışları lisenziya xarakteri daşımır. - Bu il həmçinin Böyük Britaniyanın Birmingem şəhərində keçirilmiş batut gimnastikası və tamblinq üzrə dünya çempionatında iki qızıl medal qazanıldı... - Bu, tarixi hadisə idi. Tamblinq üzrə ilk dəfə qızıl medal əldə etdik. Mixail Malkin dünya çempionu adına yiyələndi. Bildiyiniz kimi, 2018-ci ildə Avropa çempionatı Bakıda keçirilmişdi. Bu yarışda o, birinci yeri tutmuşdu. Həmin turnirdən sonra nəinki Azərbaycan, bütün gimnastika ictimaiyyəti Malkinin dünya çempionu olmasını gözləyirdi. Bir müddət zədə səbəbindən buna nail ola bilmədi. Tam gücü ilə məşq etməsi mümkün deyildi. Bəzən müəyyən səhvlər edirdi. Amma çox sevinirik ki, ona bəslənən ümidləri doğrulda bildi. Komanda hesabında əldə olunan qızıl medal sayı da gimnastika tarixində uğurdur. Burada Mixail Malkinlə yanaşı, komanda yoldaşları da çox yaxşı təsir bağışladı. Təbii ki, onların əziyyəti öz bəhrəsini verdi. Tofiq Əliyev və Adil Hacızadə isə həmin yarışda debüt çıxışlarını etdilər. Təcrübələrinin az olmasına baxmayaraq, ortaya ürəkaçan nəticə qoya bildilər. T. Əliyev finala vəsiqə qazanmağı bacardı və sevindirici haldır ki, ilk dördlüyə düşə bildi. Adil də nəticəsinə görə finalda iştirak edə bilərdi. Ancaq həlledici mərhələdə bir ölkədən cəmi iki gimnastın iştirakına icazə verilir. Buna görə də A. Hacızadə finalda öz çıxışını göstərə bilmədi. - Birmingemdə batut və tamblinq üzrə 30-cu dünya yaş qrupları yarışlarında da uğurlu nəticələr əldə olundu. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı... - Batut Azərbaycan üçün nisbətən yeni idman növü hesab edilir. 2013-cü ilin sonundan federasiyamız batutun inkişafı üçün səylər göstərir. Nəticələr özünü doğruldur. 2015-ci ildə ölkəmizdə keçirilən ilk Avropa Oyunlarında İlya Qrişun bürünc medal qazandı. Daha sonra ölkəmizdə yetişən gənc nəsil idmançılar mötəbər yarışlarda layiqli çıxışları ilə fərqləndilər. Sinxron proqramda təmsilçilərimiz İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yaxşı nəticələr göstərdilər. Samirə Hüseynova və Ayan Şabanova gümüş, Aleksey Karataşov bürünc medal qazanaraq bayrağımızı beynəlxalq arenada dalğalandırdılar. Bu uğurlar onu göstərir ki, Azərbaycanda bir-birini əvəz edə biləcək gənc gimnastlar yetişir. Ümid edirik ki, batut gimnastikası üzrə yarışlarda uğurlarımız getdikcə çoxalacaq. Geri qayıt |