Əsas Səhifə > Müsahibə > “Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədi”
“Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədi”17-02-2018, 16:17 |
“Türk xalqlarının mifologiyasından yararlanmaqda qərarlı idik” Yeni layihəmiz çərçivəsində idman aləmində tanınmış simalarla, eyni zamanda bu sahədə çalışan insanlarla idmandan başqa, ictimai-siyasi həyatımızda baş verən digər yeniliklər barədə söhbətlərimizi davam etdiririk. Budəfəki qonağımız “Bozox” Taekvondo Klubunun rəhbəri, Qarabağ müharibəsinin iştirakçısı, III dan qara kəmər sahibi Nüsrət Hacılıdır. - Zəhmət olmasa özünüz barədə məlumat verərdiniz. - 09 fevral 1969-cu ildə Tovuz rayonunun Düz Qırıqlı kəndində qulluqçu ailəsində anadan olmuşam. Nəslim Avşar tayfalarının Qırxlar boyundandı. Döyüşkən tayfa olduqları üçün Qızılbaşlar dönəmində əfqanlara və özbəklərə qarşı döyüşlərdə fəal iştirak edib, Səfəvi yürüşlərinin iştirakçısı olublar. 1975-ci ildə 6 yaşımda I sinfə getmişəm. 1985-ci ildə Düz Qırıqlı kənd orta məktəbi bitirmişəm. İlk ilimdə ali məktəbə daxil ola bilmədiyimdən 1 il sovxozda fəhlə işləmişəm. 1986-cı ildə sənədlərimi yenidən ali məktəbə verərək, Mədəniyyət və İcəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsinə daxil olmuşam. 1987-1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşam. Əsgəri xidmətdən sonra ölkə ərazisində başlayan azadlıq hərəkatında fəal iştirak etmişəm. 1992-ci ildə universiteti bitirərək Bakı şəhər Baş Bələdiyyə Polis İdarəsində xüsusi yəyinatlı tağımda qulluğa başlamışam. 1991-ci ildə Ç.Mustafayevin çağırışı ilə bir çox Vətən oşlanları ilə birgə mən də Qarabağa yollandım. Ağdərə rayonunun Manik kəndində kənd sakinləri ilə postlarda durduq. Qarabağ döyüşlərinin iştirakçısı müharibə veteranıyam. 1995-1996-cı illərdə Xüsusu Ali Hərbi Təhsil kurslarını fərqlənmə diplomu ilə bitirmişəm. 1993-cü ildə işimizdə ştatların ixtisarı ilə əlaqədar polis sıralarından tərxis olundum (təbii ki, səbəb başqaydı). 30 noyabr 1993-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə əməliyyat müvəkkilindən şöbə rəisinə, leytenant rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişəm. 15 yanvar 2004-cü il tarixdə bu sahədə də ştatların ixtisarı ilə əlaqədar tərxis olunmuşam. Tərxis olunduqdan sonra müxtəlif sahələrdə işləsəm də şəhər mühitində sıxıldığımı hiss elədim və kəndə geri qayıtdım. 2008-ci ildən kəndimizdə uşaqlara taekvondo məşqləri keçirəm. Ailəliyəm 1 qızım, 1 oğlum var. Qızım Hacılı Jalə Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisidir. BDU-nun hüquq fakültəsini magistr dərəcəsində fərqlənmə diplomu ilə başa vurub. Dövlət qulluqçusudur. Oğlum Hacılı Babək BDU-nun hüquq fakültəsinin bakalavr dərəcəsində başa vurub. Almaniyanın Vizburq Universitetinə qəbul olundu, maliyə probleminə görə magistr təhsili alması mümkün olmadı. Hazırda əsgəri xidmətdədir. Xidmətini başa vursuqdan sonra magistr təhsili almağı planlaşdırır. Həyat yoldaşım mədəniyyət və incəsənət universitetində müəllimə işləyirdi. Ştatların ixtisarı ilə əlaqədar işdən azad olunub. Hazırda evdar qadındı. - İdmana gəlişiniz necə oldu? - Atam həmişə nəslimiz haqqında danışanda babası Hacı Alı oğlu Hüseynin fenomenal yaddaşa sahib olmasından və Ceyrançöl ərazisində Qonur ayı ilə tutaşmasından danışardı. Babalarımın var-dövləti çox olub. Lakin sovet hakimiyyəti onların əlindən alıb. Həmin Hüseyn kişi su gölməçəsində yatan heyvan görür və camış potası zənn edir. Çobanlara söylənə-söylənə təpiklə heyvanı vurduğunda qonur ayı olduğu məlum olur və ayı atamın babasına hücum çəkir. Ayı ilə tutaşan Hüseyn kişi xəncərlə ayını öldürür. Ayının caynaq izləri isə kişi ölənə qədər də bədənində daşıyırdı. Atam da tay-tuşları arasında güclü sayılırmış. Dostlarını stulda oturdub dişi ilə qaldırarmış. Nəslimdəki insanların güclü olması məndən də yan keçməyib. Yeniyetmə yaşlarımdan ağırlıq qaldırma ilə həvəskar şəkildə məşğul olurdum. Dişimlə gir qaldırır, ataraq sinəmlə uzağa itələyərdim. Sonralar filmlərdə gördüm ki, güc olmadan da fəndlərlə insanlara qalib gəlmək olur. Qardaşım yox idi deyə dava-dalaşda qardaşı ilə gələnlərə qalib gələ bilmək üçün güclü olmaq istəyirdim. Desant qoşunlarında qulluq etmiş kəndçilərimin yanına gedir öyrəndikləri fəndləri göstərmələrini xahiş edirdim. Bakıya gəldiyimdə isə ilk işim kəndçim Hacıyev Lütfiyar İspəndiyar oğlundan karate ilə məşğul olduğu yeri öyrənmək oldu. O məni Hörmət müəllimlə tanış etdi. Hörmət müəllim milislər arasında SSRİ çempionu olmuşdu. TQDK-nın binası həmin vaxtlar metroda Polis İdarəsinin binası idi. Həmin binanın dar dəhlizində gizlin məşqlər edirdik. Sonra əsgərlikdə Tolqay Niqmatullinlə birgə məşq etmiş hərbçilərlə tanış oldum və məşqlərimi davam etdirdim. Əsgəri xidmətdən sonra “Qorxma mən səninləyəm” filmində dublyor kimi iştirak etdiyini bildiyim Süleyman Məmmədlinin xareoqrafiya məktəbində Şərq təkbətək döyüş növləri ilə məşğul olduğunu öyrəndim. Süleyman müəllimə qədər bir neçə ay da Azər Həsənsoyun məşqçiliyi ilə uşu ilə məşğul oldum. Süleyman müəllim o vaxtlar İTF məşqləri keçirdi. 1991-ci ildən isə VTF məşqləri keçməyə başladı. Mən də məşqlərimi VTF ilə davam etdirmiş oldum. I Azərbaycan çempionatında II yeri tutdum. SSRİ çempionatınn iştirakçısı oldum, amma yer tuta bilmədim. Daşkənddə keçirilən həmin yarışda “Moskva” komandasından əslən erməni olan Babayan mənimlə döyüşə çıxmaqdan imtina etdi. 1991-ci ildə uşaq yaşlarında olarkən mənim Süleyman müəllimi əvəz etdiyim dərslərdə olan Ramil Həsənov 2005-ci ildə mənə idmana qayıtmağı məsləhət gördü və bu dəfə o mənə müəllimlik etdi. 2006-cı ildə I dana sahiblənmiş oldum. I dan imtahanına hazırlaşan zaman Gündüz və Mamed Abdullayev qardaşları mənə hərtərəfli kömək göstərdilər. Sonralar II dan imtahanları zamanı Ramal müəllimin dəyərli məsləhətləri oldu. II dan imtahanına hazırlaşmaq üçün şərait yaratdığına görə Sənan Həşimovun da rolu çox oldu. - Hərbçi həyatınızda idmanın rolu barədə nə deyərdiniz? - Hərbi qapalılıq, qəhrəmanlıq və seçilə bilmək tələb etdiyindən təbii ki, idmanın köməyi çox olur. Bir növ təbii seçim baş verir sən güclüsənsə lider sən olmalısan. Qanuunlar döyüş vaxtı o qədər də təsirli vasitə sayılmaz. Döyüş əməliyyatları zamanı zabitdən daha çox şəxsi keyfiyətlər tələb olunur. Öndə gedə bilmək üçün təbii ki, idman ən dəyərli vasitədi. - “Bozox” taekvondo klubunu yaradılması hansı zərurətdən irəli gəldi? - 2008 ci ildən kənddə taekvondo klubumuz fəaliyyətə başladı. Klubun adı haqqında çox götür-qoylarımız olub. “Oğuz” klubu qoysaq eyni adlı rayon olduğunu, “Avşar” qoysaq Beyləqan, Ağcabədi rayonlarında eyni adlı tayfaların daha kompakt yaşadığını görürdük. Ancaq istənilən halda, Türk xalqlarının mifologiyasından yararlanmaqda qərarlı idik. Avşar tayfalarının türk tayfalarının sağ cinahında dayanan Bozoxlardan törədiyini dəqiqləşdirmiş olduq. Ona görə də klubumuza “Bozox” adı verməyi qərara aldıq. - Millət vəkili Qənirə Paşayevanın rayon əhalisi üçün etdikləri barədə nə deyə bilərsiniz? - Qənirə Paşayeva kəndimizə ziyalılar bəxş edən bir nəsildəndir. Atası Ələsgər Paşayev ədəbiyyat müəllimi, eyni zamanda məktəb direktorumuz idi. Qənirə xanımın anası Tehran müəllim isə bizə kimya fənnindən dərs deyirdi. Mənim dünya ədəbiyyatına olan marağımın formalaşmasında Tehran müəllimin də müəyyən rolu var. İlk dəfə Daniel Defonun “Robinzon Kruzo” romanını oxumağı o məsləhət görüb. Sonralar Bakıda yaşadığımız dövrlərdə də Qənirə xanımla təsadüfi xarakterli də olsa görüşlərimiz olurdu. Bilirdik ki, məfkurəmiz eynidi, vətən, millət sevdalısı idik. Sonralar mən tərxis olundum, Qənirə xanım da millət vəkili oldu. Mən kəndə gəldiyimdə Qənirə xanım artıq millət vəkili idi. Məktəbimizin təmirindən sonra respublika elitasının bir sıra nümayəndələri məktəbimizə gəldi. XDMX-nin rəisi Vaqif Axundov da daxil olmaqla taekvondoçularımızın çıxışlarını yüksək qiymətləndirdilər. Çünki adi hərəkətlərdən istifadə etməklə musiqi və fəlsəfənin vəhdətini yaradırdıq. Tovuz rayonunun İcra Başçısı Tofiq Zeynalov “Bozox” klubunun nümunəvi çıxışlarını gördükdən sonra məni rayon mərkəzinə işləməyə dəvət etdi. Məktəb şagirdlərimizin futbol, həndbol və digər yarışlardakı çıxışlarını görən Qənirə xanım şagirdlərimizə futbol geyimi, toplar hədiyyə etdi. Məktəbimizdə tez-tez olan Qənirə xanım hər gəldiyində idmançılarıməzla maraqlanır, qayğı ilə yanaşır. - Həyatınızda sizə ən çox kimlər dəstək olub? - Kənddən çıxıb Bakıya getdiyimdən başlayaraq qarşıma çıxan insanların qayğısı ilə qarşılaşdım. İshaq Dəvəli Ozanoğlundan tasavvuf fəlsəfəsinə sevgini, Vidadi Həsənovdan dünya ədəbiyyatına sevgini, Bəxtiyar Xanızadədən Şərq təkbətək döyüş növlərinin fəlsəfəsinə sevgini öhrəndim. Hər üçü də icəsənət universitetində müəllim işləyirdi. Şərq təkbətək döyüş növlərinə gəldikdə isə, Hörmət müəllimdən karateni, Süleyman Məmmədli və qardaşı Zöhrab Məmmədovdan taekvondonu öyrəndim. II dəfə idmana qayıtdığımda Ramil Həsənov, Sənan Həşimov, Mamed, Gündüz Abdullayev qardaşları, Ramal müəllim hər zaman dəstək oldular. “Bozox” Taekvondo Klubunu rəsmiləşməsi və klubumuza olan yardımlar da Nağı müəllimin vitse-prezidentliyi dövründə baş tutdu. MTN-in Baş Hərbi Əks Kəşfiyyat Xidmətində qulluq etdiyim dövrdə rəhmətlik akademik Qulu Xəlilovun oğlu, polkovnik Azər Xəlilov dəstək olub. - Yetişdirdiyiniz tələbələriniz barədə nə deyə bilərsiniz? - Hazırda tələbələrimdən 5 nəfər qara kəmərə layiq görülüb. Şahin Zeynalov, Mirəli Əliyev, Naib Məmmədov beynəlxalq dərəcəli yarışlarda II və III yerlərə sahib olublar. Mirəli Əliyev yeniyetmələr arasında respublika səiyyəsində II və III yeri tutub. Şahin Zeynalov isə respublika səviyyəsində II yerə layiq görülüb. Zona birincisi, rayon bitincisi və digər daxili yarışlarda tələbələrim hər zaman yaxşı nəticələr göstərir. Bu il ilk dəfə Röyal Məmmədov böyüklər arasında klubuçuzu təmsil edəcək. Qeyd edim ki, Röyal Məmmədov beynəlxalq dərəcəli yarışda III yeri tutub. Qızlardan Nurçin Aslanova yeniyetmələr arasında II olub. Hazırda Alidə Əliyeva çox perspektivli görünür. Qəbələ rayonunda keçirilən beynəlxalq dərəcəli yarışda III yer tutdu. Ancaq özündən böyüklərlə döyüşdüyünə görə tam potensialını göstərə bilmədi. İsmayıl Bağırzadə, Emin Zeynalov da klubumuzun perspektivli döyüşçülərindəndi. Hər ikisi dəfələrlə yarışlarda yüksək nəticələr əldə edib. - Nüsrət müəllim, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün təşəkkürümüzü bildiririk. - Sağ olun, sizə də uğurlar arzulayıram. Alxas Məmmədov Geri qayıt |