Əsas Səhifə > Müsahibə > Rəşad Sadiqov: “Neftçi” titulsuz qalanda yaxşı görünmür”

Rəşad Sadiqov: “Neftçi” titulsuz qalanda yaxşı görünmür”


15-01-2018, 18:16



"Neftçi" klubunun yarımmüdafiəçisi Rəşad Sadiqovun verdiyi müsahibəni sizlərə təqdim edirik:

- Artıq neçə gündü ki, məşqlərə start vermisiz. Hazırlıq prosesi necə keçir?

- Hər şey qaydasındadı. Toplanışın ilk mərhələsini Bakıda keçiririk. Daha çox fiziki çalışmalara üstünlük verilir. Ayın 17-də Türkiyəyə yola düşəcəyik. Toplanışın ikinci mərhələsi daha yaxşı olacaq. Çünki Antalyada şərait tamam başqa cürdü. Həm də orda düşərgəyə yeni futbolçular qoşulacaq.

- Qış fasiləsində bir neçə oyunçu ilə yollar ayrıldı. Onların yerinə komandaya yeni futbolçular gətirilir. Heyətdəki dəyişikliklər "Neftçi"yə necə təsir edəcək?

- Yəqin ki, dəyişikliklər müsbətə doğru olar. Güclü futbolçuları cəlb edəndə komanda güclənir. Düzdü, gedənlər də yaxşı idi. Düşünürəm ki, gələnlər onların yerlərini artıqlaması ilə dolduracaqlar.

- Qış fasiləsindən sonra "Neftçi"nin əsas hədəfi çempionatla bağlı olacaq, yoxsa kubokla?

- Bunu gizlətməyin heç bir mənası yoxdu. Əsas hədəfimiz kubokdu. "Neftçi" titulsuz qalanda yaxşı görünmür. Bu klub Azərbaycan futbolunun "flaqman"ıdı. Əsas hədəfimiz kubokla bağlı olsa da, çempionatda da mübarizəni davam etdirəcəyik. Ən azından, ilk "4-lüy"ə düşmək lazımdı. Komanda Avropa Liqasına vəsiqə qazanmalıdı. Odu ki, hər iki "cəbhə"də mübarizə aparacağıq.

- Uqo Barqas komandadan ayrıldı. Daniel Seqovianın da gedişi gündəmdədi. Təcrübəli futbolçu kimi, "Neftçi"nin hücum xəttinin durumu sizi narahat edirmi?

- Qış fasiləsinə qədər son bir neçə matçda hücumda Mirabdulla Abbasov oynadı və qollarını da sıraladı. Gənc, perspektivli futbolçudu. Düzdü, təkcə Mirabdulla ilə iş bitmir. Baş məşqçi də bilir ki, bir hücumçu ilə oynamaq çətindi. Mənə elə gəlir ki, Antalyada komandaya yeni forvard gətiriləcək. Tərlan Əhmədov da müsahibəsində bunu vurğulayıb. Düşərgəmizə 1 yox, 2-3 hücumçu da qoşula bilər. Bunu baş məşqçi daha yaxşı bilir. Fikrimcə, gedənlərdən də yaxşı hücumçular alınacaq.

- Vaxtilə "Neftçi" və "Qarabağ"da rəhbərliyi altında oynadığınız Qurban Qurbanovun millinin baş məşqçisi postuna gətirilməsini necə qarşıladınız?

- Qurban müəllim çoxdan yığmanın baş məşqçisi olmalı idi. Bir az gecikmiş qərardı. Amma özünüz də bilirsiz ki, Azərbaycanda futbolçu qıtlığı var. Bu mənada, Qurban Qurbanova çətin olacaq. Lakin yenə də ona şans verilməsi yaxşı haldı. Təcrübəli məşqçidi. Qurban müəllimə təcrübəli demək olar. Çünki "Qarabağ"la bir neçə dəfə Avropa Liqasının qrupunda, sonuncu dəfə isə Çempionlar Liqasının qrupunda iştirak edib. Məşqçi kimi neçə ildi Azərbaycan çempionu olur. Bundan əlavə, daim öz üzərində işləyən mütəxəssisdi, tez-tez xarici klubların düşərgəsinə gedir. Necə olacağını zaman göstərəcək. Yığmamız Millətlər Liqasında da iştirak edəcək. Bu, ortabab və zəif millilər üçün yaxşıdı. Həm oyun sayı artacaq, həm də final mərhələsinə vəsiqə qazanmaq şansı yaranacaq.

- Yığmaya qayıtmaq istəyiniz varmı? Yoxsa Qurban Qurbanovun daha çox gənclərə üstünlük verəcəyini düşünürsüz?

- Hər bir futbolçu milliyə dəvət almaq istəyər. Oyunum yaxşı olsa, bəlkə də, yaşa baxmayıb, dəvət edəcək. Mövsümü necə keçirməyimdən asılıdı. Dəvət gəlsə, mən canla-başla hazıram.

- Rəşad Sadıqovun U-21-in baş məşqçisi təyin olunmasına və eyni anda "Qarabağ"da futbolçu karyerasını davam etdirməsinə münasibətiniz necədi?

- Hər kəs qərarı özü verir. Rəşadın özünə çətin olacaq. Doğrudan da, çox böyük yükün altına girib. Həm futbolçu, həm də baş məşqçi kimi işləmək çətindi. Rəşadı uşaq vaxtdan tanıyıram, bir yerdə böyümüşük. Bilirəm ki, işləyən insandı, çalışqandı. Mənə elə gəlir ki, onun rəhbərliyi altında U-21 daha yaxşı futbol oynayacaq. Sadəcə, eyni anda futbolçu karyerasını da davam etdirməsi təsirini göstərəcək. Hazırda "Qarabağ" da, U-21 də toplanışdadı. Hər ikisinə çatdırmaq çox çətin olacaq.

- "Qarabağ" Çempionlar Liqasının qrupuna düşərək, tarix yazdı. Bu nəticənin Ağdam klubu və ya Azərbaycanın digər komandası tərəfindən təkrarlanacağına inanırsızmı?

- 1990-cı illərdə, 2000-ci illərin əvvəlində heç kim Azərbaycan klubunun Avroliqanın qrupuna düşəcəyinə belə, inanmırdı. Bu, xəyal idi. Həmişə deyirdik ki, 1-2 mərhələ keçsək, bəsimizdi, bizim üçün uğurdu. Getdikcə Azərbaycan futbolu inkişaf etdi və klublarımız qrupa düşməyə başladı. Düzdü, Çempionlar Liqasının reqlamentinin dəyişməsi işimizi bir qədər də çətinləşdirəcək. Ola bilər ki, Azərbaycan klubu bir daha Çempionlar Liqasının qrupuna düşməsin. Rəqiblərdən də çox şey asılıdı. Amma ən azı, Avropa Liqasının qrupuna vəsiqə qazanmağı bacaracağıq.

Milli.Az
Geri qayıt