Əsas Səhifə > Milli komandalar > Üç sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib
Üç sərbəst güləşçimiz Avropa çempionatının finalına yüksəlib17-04-2023, 22:46 |
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb. BrendSport.az xəbər verir ki, yarışin ilk günündə 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar. Yarışa dörddəbir finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə "tuş"la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gələcək. Əli Rəhimzadə (65 kq) səkkizdəbir finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb - 5:2. Ancaq dörddəbir finalda ermənistanlı Vazgen Tevanyana uduzub - 1:4. Rəqib finala yüksəldiyi üçün Ə.Rəhimzadə təsəlliverici görüşə çıxacaq. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanmaq üçün israilli Coşua Finesilverə qalib gəlməlidir. Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib - 12:1. Titullu güləşçimiz dörddəbir finalda almaniyalı Kevin Henkelə gücünü göstərib - 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabı ilə məğlub edərək beşinci dəfə Avropa çempionatının finalına yüksəlib. H.Əliyev həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanovla qarşılaşacaq. Səbuhi Əmiraslanov (79 kq) səkkizdəbir finalda İman Mahdavini (Dünya Güləş Birliyi) 3:0 hesabı ilə üstələyib. Həmyerlimiz dörddəbir finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb - 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylov ilə qarşılaşıb. Təmsilçimiz dörddəbir final görüşündə dizindən zədələndiyi üçün istədiyi kimi güləşə bilməyib. Nəticədə 2:5 hesabı ilə uduzan idmançımız mübarizəni bürünc medal uğrunda davam etdirəcək. Maqomedxan Maqomedov (97 kq) səkkizdəbir finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib - 12:1. Təmsilçimiz dörddəbir finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb - 11:0. M.Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn M.Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Güləşçimiz titul uğrunda gürcüstanlı Givi Matçaraşvili ilə mübarizə aparacaq. Qeyd edək ki, bu çəkilərdə təsəlliverici görüşlər və medallar uğrunda qarşılaşmalar sabah keçiriləcək. Geri qayıt |