Əsas Səhifə > Milli komandalar > Tehranda yunan-Roma güləşçilərimiz birinci, sərbəst güləşçilərimiz isə ikinci olublar
Tehranda yunan-Roma güləşçilərimiz birinci, sərbəst güləşçilərimiz isə ikinci olublar28-11-2017, 15:48 |
Tehranda kiçik yaşlı yeniyetmə güləşçilər arasında “Day of children” beynəlxalq turniri keçirilib. Komanda yarışı xarakterli turnirdə sərbəst və yunan-Roma güləşi üzrə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandalarımız iştirak ediblər. Sərbəst güləş yarışlarında Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, Rusiya, Gürcüstan, İraq, Belarus, Qırğızıstan və Ermənistan komandaları mübarizə aparıblar. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Ermənistan komandaları ilə qarşılaşıb. Hər iki görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıblar. Yarımfinalda Ukrayna güləşçilərinə də qalib gələn yığmamız finala yüksəlib. Həlledici görüşdə daha bir İran komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 4:6 hesabı ilə məğlub olub və turniri ikinci sırada tamamlayıblar. Yunan-Roma güləşi yarışlarında isə Azərbaycan güləşçiləri ilə yanaşı, İranın 4 komandası, Ukrayna, İraq, Qazaxıstan, Moldova, Gürcüstan və Ermənistan komandaları mübarizə aparıblar. Dörd qrup üzrə keçirilən yarışda yığmamız İran və Qazaxıstan komandaları ilə qarşılaşıb. Hər iki görüşü qələbə ilə başa vuran güləşçilərimiz yarımfinala vəsiqə qazanıb. Yarımfinalda Moldova güləşçilərinə də qalib gələn yığmamız finala adlayıb. Qızıl medal uğrunda görüşdə Ukrayna komandası ilə qarşılaşan güləşçilərimiz ümumi hesabda 6:4 hesabı ilə qalib gəlib və turnirin baş mükafatına sahib olublar. Azərtac.az Geri qayıt |