Əsas Səhifə > Milli komandalar > Boksçularımız Qazaxıstandan 12 medalla qayıdırlar

Boksçularımız Qazaxıstandan 12 medalla qayıdırlar


22-12-2022, 13:30


Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Azərbaycan millisi Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışı 5 qızıl, 2 gümüş və 5 bürünc medalla başa vurub.
Komandamızın heyətində 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsən Məlikov finalda Jenşi Ulpatovu (Qırğızıstan) məğlub edərək yarışın qalibi olub. Məsud Yusifzadə (54 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə qazaxıstanlı Jandaulet Sersenbayevə qalib gəlib.
Digər idmançımız - 75 kiloqram çəki dərəcəsində rinqə çıxan Mirşərif Kazımzadə finalda Timur Esxojinlə (Qazaxıstan) üz-üzə gəlib. Dueldən qalib ayrılan boksçu turniri birinci pillədə başa vurub. Komanda yoldaşlarının uğurunu Murad Allahverdiyev (80 kq) də təkrarlayıb. Milli üzvü həlledici qarşılaşmada kambocalı Anver Nasredinovdan üstün olub.
Yığmanın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (+92 kq) isə finalda kubalı Lopes Fernando Aleiandroya gücünü göstərib. Təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gələrək, Karaqandada Azərbaycan himnini səsləndirib.
Onlardan fərqli, Nəbi İsgəndərov (67 kq) finalda Ruslan Madiyevə (Qazaxıstan), Rəşid Həsənov (71 kq) Bekzat Boranbayevə (Qazaxıstan) məğlub olaraq gümüş medalla kifayətləniblər.
Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala layiq görülüblər.
Yığmamız 12 medalla yarışda komanda hesabında birinci yeri tutub. Qazaxıstan ikinci, Kuba üçüncü olub.
Azərbaycanlı referi Rövşən Qədirov isə döyüşləri ən yaxşı idarə edən hakimlərdən biri kimi xüsusi mükafata layiq görülüb.
Geri qayıt