Əsas Səhifə > Milli komandalar > Azərbaycanın ən yaxşı boksçusu və çempion qardaşlardan qələbə şərhi

Azərbaycanın ən yaxşı boksçusu və çempion qardaşlardan qələbə şərhi


17-02-2022, 18:58
Azərbaycanın ən yaxşı boksçusu və çempion qardaşlardan qələbə şərhi


Azərbaycan birinciliyinə çox yaxşı hazırlaşmışdım. Çox yaxşı təlim-məşq toplanışı keçdim və gözlədiyim nəticəni də qazandım.
BrendSport.az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənc boksçular arasında ölkə çempionu tituluna yiyələnən Fətəli İsmayılov (86 kq) deyib. Azərbaycanın ən güclüsü, eyni zamanda birinciliyin ən yaxşısı adını qazanan F.İsmayılov qələbəsini şərh edərkən bildirib ki, qızıl medalı və xüsusi mükafatı Boks Federasiyasının prezidenti Sahil Babayevdən almaq ona sevinc bəxş edib.
Finalda Elay Səmədovla görüşü həm ən asan, həm də ən çətin döyüş adlandıran F.İsmayılov uğurlu çıxışının davamlı olacağını vurğulayıb: “Həlledici qarşılaşmam Elay Səmədovla keçdi. Düzdür, vaxtından əvvəl qalib gəldim və birinci raundda döyüşü aktivimə yazdım ki, bu asan tərəfidir. Amma final mərhələsi həmişə çətinliyi ilə fərqlənib. Birinciliyin ən yaxşısı seçilməyimə gəlincə, bu, sürpriz olmadı. Yarışa yaxşı hazırlaşdığım üçün bunu gözləyirdim. Qarşıda bizi Avropa birinciliyi gözləyir. Hədəfim orada da çempion olmaq və himnimizi səsləndirməkdir. İnanıram ki, uğurumun davamını gətirəcəyəm”.
Azərbaycan birinciliyində nadir təsadüf olunan hadisə də qeydə alınıb. İki qardaş – Kənan və Kamil Babayevlər müxtəlif çəki dərəcələrində çempion tituluna yiyələniblər.
Böyük qardaş Kamil Babayev bildirib ki, ikinci dəfə qatıldığı analoji yarışda qızıl medal qazanacağına inamı böyük olub. Belə ki, 54 kiloqram çəki dərəcəsində ölkənin ən güclüsü olan 17 yaşlı idmançı 4 döyüşündən ən çətininin yarımfinal mərhələsinə təsadüf etdiyini vurğulayıb: “Yığmanın üzvü Mahir Süleymanovla qarşılaşma çox gərgin alındı. Amma onunla yanaşı, digər 2 çıxışımda da vaxtından əvvəl qələbə qazandım. Finalda isə inamlı döyüş sayəsində çempion oldum. Qarşıda bizi Avropa çempionatı gözləyir. Orada da məqsədim fəxri kürsünün ən yüksək pilləsində yer almaqdır. Yığmadakı əsas rəqibim də Mahirdir. Bir nömrə kimi Avropa çempionatına getmək istəyirəm. Əsas hədəfim isə Olimpiya çempionu olmaqdır. Bunun üçün də dayanmadan məşqlərimi davam etdirəcəyəm”.
Kamildən 1 yaş kiçik olan Kənan isə ilk dəfə gənclər arasında yarışa qatılıb. Birinci cəhddə 48 kiloqram çəki dərəcəsində çempion olan idmançı da qardaşı kimi Yay Olimpiya Oyunlarının qalibi olmağı hədəfləyib: “On bir yaşımdan boksla məşğul oluram. Azərbaycan birinciliyinin hazırlığına 4 ay əvvəl başlamışdım. Məşqçim Elbrus Rzayevin rəhbərliyi altında çox yaxşı hazırlıq keçmişik. Rinqə çıxdığım 3 döyüşdən ən çətini finalda Tural Sarıyevlə qarşılaşmaya təsadüf etdi. Çox güclü rəqibdir. Yeniyetmələrdən gənclərə keçməyimə baxmayaraq, çempion olacağıma inanırdım. İndi burada yerimi möhkəmlətməliyəm. Əsas heyət üzvünə çevrilmək üçün yenə rəqibim Tural olacaq və onu qabaqlayacağıma inanıram. Qarşıdakı Avropa birinciliyinə gedəcəyim halda çempion ola bilərəm. Əsas hədəfim isə Olimpiya çempionu tituluna yiyələnərək Azərbaycanın, müəllimlərimin və valideynlərimin adını uca etməkdir”.
Geri qayıt