Əsas Səhifə > Milli komandalar > Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar olub
Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar olub21-09-2020, 22:14 |
Sentyabrın 21-də Azərbaycan Güləş Federasiyasının (AGF) ofisində iclas keçirilib. BrendSport.az xəbər verir ki, AGF-in prezident əvəzi Namiq Əliyevin rəhbərliyi ilə baş tutan iclasda mühüm qərarlar qəbul edilib. Belə ki, Olimpiya çempionu Namiq Abdullayev sərbəst güləş üzrə yığmamıza baş məşqçi təyin olunub. Millimizdə Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məşqçilər korpusu komandanı dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi planlaşdırılan dünya çempionatına, gələn il baş tutacaq Olimpiadaya lisenziya xarakteri daşıyan təsnifat turnirlərinə və başqa yarışlara hazırlaşdıracaq. Bundan başqa, çimərlik güləşi üzrə yığmanı formalaşdırmaq və yarışlara hazırlaşdırmaq məqsədilə çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani yeni yaradılan komandaya baş məşqçi vəzifəsinə təyin olunub. AGF-in prezidenti deyib ki, pandemiya ilə bağlı yarışlar təxirə salınıb. Ancaq dekabrda gənclərin və böyüklərin dünya çempionatı keçirilə bilər. Dünya Güləş Birliyi (UWW) bununla bağlı yekun qərarını oktyabrın 5-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında verəcək. Ola bilsin, dünya çempionatı keçirilməsə, onun əvəzinə dünyanın ən güclü 10 komandasının iştirakı ilə bir yarış təşkil olunacaq. “Olimpiadaya təxminən 10 ay vaxt qalıb. Bu, elə də çox vaxt deyil. Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşmalıyıq. Sərbəst güləş üzrə yığma komandaya baş məşqçi vəzifəsinə Namiq Abdullayevi təyin etdik. Onun məşq metodu və işə məsuliyyətlə yanaşması bizi qane edir. İnanırıq ki, etimadı doğruldacaq. Biz, həmçinin çimərlik güləşinin də inkişafını qarşıya məqsəd qoymuşuq. Güləşin bu növü yeniyetmələrin Olimpiya Oyunlarının proqramına salınıb. Ona görə də çimərlik güləşinə maraq artmaqdadır. Biz güləşin bu növü üzrə məşq keçmək üçün bazamızda şərait də yaratmışıq. Uğurlu nəticələrin davamının gəlməsi üçün əlimizdən gələni edirik. Bütün komandaların baş məşqçiləri bir-biriləri ilə məsləhətləşsin, bir-birilərinə kömək etsinlər. Həm Namiq Abdullayevi, həm də Oyan Nəzərianini təyinatları münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram”, - deyə N.Əliyev əlavə edib. Olimpiya çempionu N.Abdullayev yeni vəzifəsi ilə bağlı deyib: “Mənə göstərilən etimada görə minnətdarlığımı bildirirəm. Karyeramı bitirəndən sonra da federasiyadan ayrılmamışam. 2009-cu ildən AGF-də yeniyetmələr üzrə vitse-prezident vəzifəsində çalışmışam. 2007-ci ildən Azərbaycan güləşində nəticələr əvvəlki illərlə müqayisə edilməyəcək qədər yaxşılaşıb. Olimpiadalarda, dünya və Avropa çempionatlarında qazanılan uğurlar da bunu göstərir. Dövlətimizin başçısı İlham Əliyevin və federasiya rəhbərliyinin diqqət və qayğısını idmançılar daim hiss ediblər. Digər məşqçilərlə birgə əlimizdən gələni edəcəyik ki, ümidləri doğruldaq”. Oyan Nəzəriani bildirib: “Ötən il federasiya bizi çimərlik güləşi üzrə 5 yarışa göndərdi. Nəticələr də yaxşı oldu. Artıq çimərlik güləşi üzrə zal istifadəyə verilib. Bu zal qış aylarında da məşq etməyə imkan verəcək. Azərbaycanda güləş bir nömrəli idman növüdür. Çalışacağıq ki, çimərlik güləşi də güləşin digər növləri kimi yüksək səviyyəyə çatsın, yaxşı nəticələrimiz olsun”. AGF-in vitse-prezidenti Elçin Cəfərov hər iki məşqçini təbrik edib və onlara işlərində uğurlar arzulayıb. Sonda brifinq keçirilib və jurnalistlərin sualları cavablandırılıb. Geri qayıt |