Əsas Səhifə > Milli komandalar > Heyətdə ən güclü boksçulara yer verəcəyik

Heyətdə ən güclü boksçulara yer verəcəyik


10-02-2020, 19:09
Heyətdə ən güclü boksçulara yer verəcəyik

Qadınlardan ibarət milli komandamız bir aydır təlim-məşq toplanışındadır. Komanda hazırlıq prosesini Abşeron Olimpiya İdman Kompleksində yüksək səviyyədə davam etdirir. Boksçularımız yaxşı formadadırlar, komandada ruh yüksəkliyi hökm sürür. Çalışırıq ki, Londonda keçiriləcək və Olimpiadaya lisenziya xarakterli turnirədək tam hazır olaq. Əsas məqsədimiz Olimpiya Oyunlarına lisenziya qazanıb ümidləri doğrultmaqdır.
AZƏRTAC Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, bunu qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elbrus Rzayev deyib.
Təcrübəli mütəxəssis komandada yer alan legionerlərlə bağlı məsələlərə də aydınlıq gətirib. O bildirib ki, lisenziya xarakterli turnirlərdə ölkəmizi ən güclülər təmsil edəcəklər. Heyətdə heç bir boksçu özünə yer təmin etməyib. Legionerlərin bizə qoşulması heç də onların lisenziya turnirlərində iştirakına zəmanət vermir. Hər biri sınaq müddətindədir. Bütün qərarlar məşq prosesinin yekununda veriləcək. Lisenziya turnirlərində beş çəki dərəcəsində mübarizəyə qoşulmağı planlaşdırırıq. Hansı boksçu güclü olacaqsa, o da Olimpiadaya vəsiqə uğrunda yarışlarda iştirak üçün komandada yer alacaq.
Martın 13-23-də Londonda Avropa Olimpiya, mayın 13-24-də Parisdə dünya Olimpiya təsnifat turnirləri keçiriləcək.


Geri qayıt