Əsas Səhifə > Milli komandalar > Akrobatika gimnastlarımız Avropa çempionatında beş medal qazanıblar

Akrobatika gimnastlarımız Avropa çempionatında beş medal qazanıblar


4-11-2019, 17:55


İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa çempionatı başa çatıb.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışın sonuncu günündə təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq qitə birinciliyinin gənclər yaş qrupunda qızıl medal qazanıblar. Murad Rəfiyev və Daniel Abbasovdan ibarət cütlük temp hərəkətlərinin finalında 28,600 xalla bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb. Bununla da gimnastlar tam bir medal dəstini əldə ediblər. Belə ki, onlar balans hərəkətlərində bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıblar.

Daha bir medalı komandamızın aktivinə böyüklərin yarışında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük yazdırıb. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28,680 xalla bürünc medala layiq görülüblər. Sonuncu Avropa Oyunlarının mükafatçıları yarışın ikinci günündə balans hərəkətlərinə görə bürünc medal qazanıb, çoxnövçülükdə isə beşinci olublar.

Böyüklərin yarışında Seymur Cəfərov və Murad Əkbərov cütlüyü isə medalın bir addımlığında mübarizəni dayandırıblar. Balans hərəkətlərinin finalında 28,550 xal toplayan gimnastlarımız dördüncü yerdə qərarlaşıblar. Onlar çoxnövçülükdə beşinci, temp hərəkətlərinin finalında isə altıncı olublar.

Beləliklə, ümumilikdə 5 medal qazanan millimiz akrobatika gimnastikası üzrə Avropa çempionatını uğurla başa vurub.
Geri qayıt