Əsas Səhifə > Milli komandalar > Dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıblar
Dünya çempionatında uğurla çıxış edən sərbəst güləşçilərimiz Vətənə qayıdıblar1-11-2019, 15:26 |
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək idmançılar arasında dünya çempionatında uğurla çıxış edən sərbəst güləş yığmamızın üzvləri Vətənə qayıdıblar. BrendSport.az xəbər verir ki, bir qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında dünya üçüncüsü olan millimizi Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Güləş Federasiyasının (AGF) rəsmiləri, güləşçilər və media nümayəndələri qarşılayıblar. Böyük məşqçi Zəlimxan Hüseynov komandanın çıxışından razı qaldığını dilə gətirib: “Dünya çempionatında 5 medal qazandıq. Bunu çox böyük uğur kimi qiymətləndiririk. Bu çıxışın əsas səbəbi yarışa yaxşı hazırlaşmağımız idi. Dünya çempionatı ərəfəsində həm Bakıda, həm də Mahaçqalada faydalı təlim-məşq toplanışları keçdik. Bunun nəticəsini Budapeştdə gördük. Güləşçilərimiz əzmkar mübarizə sərgilədilər”. 18 yaşında U-23 dünya çempionatında qızıl medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazan Turan Bayramov qələbəsini belə şərh edib: “U-23 dünya çempionatı böyüklər arasında analoji yarışdan sonra ikinci ən böyük turnirdir. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Dağıstanda təlim-məşq toplanışında olduq. Sonra isə hazırlığı Bakıda davam etdirdik. Əlbəttə, rəqiblərim güclü idi. Ümumiyyətlə, indi dünyada güləş inkişaf edib. “Fransada güləş yoxdur” deyirlər. Amma bu ölkənin təmsilçisi yarımfinala çıxmışdı və mən ona 2:1 hesabı ilə qalib gəldim. Yaponlara daha öncə uduzmuşdum. Ancaq finalda sindromu qıraraq dünya çempionu oldum”. Budapeştdə bürünc medalı boynundan asan Əfqan Xaşalovun fikirləri belə olub: “Dünya çempionatında zəif idmançı yoxdur. İlk görüşdə Kuba güləşçisinə məğlub olsam da, daha sonra Çin və Rusiya güləşçilərinə qalib gələrək bürünc medal qazandım. Bildiyiniz kimi, 57 kiloqram çəki dərəcəsi Olimpiya çəkisidir. Məqsədim lisenziya qazanıb, ölkəmizi Olimpiadada təmsil etməkdir. Tokioda isə bayrağımızı yüksəltmək istəyirəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə, o cümlədən federasiyaya minnətdarlığımı bildirirəm”. Dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov və Hacımurad Məhəmmədsəidov da çıxış edərək yarışda keçirdikləri görüşlərdən danışaraq, növbəti yarışlarda gümüşü qızılla əvəzləməyə çalışacaqlarını bildiriblər. Xatırladaq ki, dünya çempionatında Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb. Yığmamız 111 xalla komanda hesabında dünya üçüncüsü olub. Geri qayıt |