Əsas Səhifə > Milli komandalar > Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik22-04-2019, 10:28 |
Aprelin 20-21-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turniri keçirilib. Turnir Azərbaycan gimnastları üçün uğurlu nəticələrlə yadda qalıb. Belə ki, fərdi proqramda gimnastlarımız bir gümüş, iki bürünc, qrup hərəkətlərində isə bir qızıl və iki gümüş medal qazanıblar. Təmsilçilərimiz yarışdakı nəticələrin onlarda özünəinam hissini artırdığını, gələcəkdə daha böyük qələbələr əldə etməyə stimul verdiyini və ən əsası təcrübə qazanmaq baxımından əhəmiyyətli olduğunu deyiblər. BrendSport.az xəbər verir ki, Gənclərdən ibarət komandamızın üzvləri AZƏRTAC-a bildiriblər ki, əldə edilən medallar çəkilən əziyyətlərin bəhrəsidir. Gənc gimnastlar deyiblər: “Yaxşı nəticələr qazandığımız üçün çox xoşbəxtik. Qələbəmizdə pay sahibi olan hər kəsə, o cümlədən tamaşaçılara minnətdarıq. Arenadakı tamaşaçılar bizi fəal dəstəkləyirdi. Onların dəstəyi bizim üçün çox önəmlidir. İstərdik ki, bütün turnirlərdə onların dəstəyini hiss edək. Düşünürük ki, hər şey qabaqdadır və uğurların ardı gələcək”. Fərdi proqramda çıxış edən və bir bürünc medal qazanan gimnastımız Arzu Cəlilova öz çıxışından və əldə etdiyi nəticədən razı olduğunu qeyd edib. Təmsilçimiz sevinci belə ifadə edib "Ötən gün "AGF Trophy"ni qazanmağım finalda çıxış üçün məni ruhlandırdı. Qazandığım nəticədən və çıxışımdan razıyam. Bütün alətlərlə çıxış etməyi sevirəm. Daha yaxşı nəticə əldə etmək üçün öz üzərimdə çalışıram. Azarkeşlərə isə dəstək üçün çox minnətdaram". Turnirdə iki medal qazanan gimnastımız Nərminə Səmədova da öz çıxışından razı qalıb: "Turniri bir gümüş və bir bürünc medalla başa vurdum. Mükafatçılar sırasında olduğum üçün sevinirəm. Lakin daha da yaxşı çıxış edə bilərdim. Kiçik səhvlərim də oldu. Düşünürəm ki, onlar olmasaydı birinci yeri də tuta bilərdim. Səhvlərdən nəticə çıxarmaq və gələcək yarışlarda təkrarlamamaq daha önəmlidir. Azarkeşlər də bu gün möhtəşəm idilər. Doğma arenada çıxış etmək rahat olmaqla yanaşı, məsuliyyətlidir. Qarşıdan mötəbər turnirlər gəlir. İyulda Rusiyanın paytaxtı Moskvada keçiriləcək gənclər arasında bədii gimnastika üzrə ilk dünya çempionatına hazırlıq tam sürətlə gedir. Məşqlərdə var-gücümüzlə işləyir, üzərimizə düşən işi uğurla yerinə yetirməyə çalışırıq". Geri qayıt |