Əsas Səhifə > Milli komandalar > Azərbaycan idmançıları açıq Orta Asiya çempionatında uğurla çıxış ediblər
Azərbaycan idmançıları açıq Orta Asiya çempionatında uğurla çıxış ediblər9-04-2019, 18:44 |
Özbəkistanın paytaxtı Daşkənddə pencak-silat üzrə açıq Orta Asiya çempionatı keçirilib. Azərbaycan millisi turnirə 3 idmançı ilə qatılıb. BrendSport.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışda qadın idmançımız Nurtəkin Məhəmmədli (50-55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvləri Elxan Cəfərov (60-65 kq) və Rəsul Hümbətov (65-70 kq) gümüş medala sahib olublar. Yetirmələrinin çıxışından razı qalan pencak-silat üzrə Azərbaycan milli komandasının baş məşqçisi Abbas Hümbətov kişi idmançılarımıza qarşı final döyüşündə hakimlər tərəfindən haqsızlıq edildiyini diqqətə çatdırıb. Açıq Orta Asiya çempionatında 20 ölkədən 500-dən artıq idmançının mübarizə apardığını vurğulayan baş məşqçi deyib: “Turnirə Əfqanıstan və Pakistandan güclü idmançılar qatılıblar. Ümumiyyətlə idmanın bu növündə İndoneziya, Malayziya, Sinqapur, Tailand və Vyetnam təmsilçiləri xüsusilə fərqlənirlər. Demək olar ki, bu ölkələrin təmsilçiləri dünya çempionatlarında fəxri kürsüdə yer alırlar. Buna baxmayaraq Azərbaycan idmançıları arasında da dünya çempionu var”. “Qarşıda bizi ciddi yarışlar gözləyir. Belə ki, idmançılarımız aprelin 25-28-də açıq Belçika çempionatında iştirak edəcəklər. Mayda Ramazan ayı ilə əlaqədar bütün yarışlar dayandırılacaq. Sonra millimiz açıq Malayziya çempionatında gücünü sınayacaq. Bu il dünya çempionatına Səudiyyə Ərəbistanı, növbəti mundiala isə Malayziya ev sahibliyi edəcək. Növbəti illərdə Azərbaycanın da dünya çempionatına ev sahibliyi etməsi üçün danışıqlarımız gedir. Paytaxtımızda Avropa çempionatı yüksək səviyyədə təşkil olunub. Ümid edirəm ki, ölkəmiz dünya çempionatını da müvəffəqiyyətlə ev sahibliyi edəcək. Sevindirici haldır ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarında pencak-silat idman növü üzrə nümunəvi çıxışlar təqdim olunacaq”, - deyə A.Hümbətov əlavə edib. Azərbaycanda idman bu növünün ali məktəblərdə tədris olunması istiqamətində danışıqların aparıldığını diqqətə çatdıran A.Hümbətov qeyd edib ki, biz buna nail olsaq ölkəmiz 2021-ci ildə Hindistanda keçiriləcək universitetlər arasında dünya çempionatında iştirak edə biləcək. Geri qayıt |