Əsas Səhifə > Milli komandalar > Karate üzrə Azərbaycan milli komandası İspaniyaya yollanıb
Karate üzrə Azərbaycan milli komandası İspaniyaya yollanıb26-03-2019, 20:34 |
Karate üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası martın 28-dən 31-dək İspaniyanın Qvadalaxara şəhərində keçiriləcək 54-cü Avropa çempionatında iştirak etmək üçün bu ölkəyə yollanıb. BrendSZport.az Azərbaycan Karate Federasiyasına istinadla xəbər verir ki, Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdəki 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatamiyə çıxacaq. Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və Rəşad Hüseynov kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyevə (- 60 kiloqram), Rafiz Həsənova (-67 kiloqram), Rafael Ağayevə (-75 kiloqram), Ayxan Mamayevə (-84 kiloqram) və Asiman Qurbanlıya (+84 kiloqram), qadınların baş məşqçisi Denis Morozov isə Nuranə Əliyevaya (-50 kiloqram), İlahə Qasımovaya (-55 kiloqram), Fəridə Abiyevaya (-61 kiloqram), İrina Zaretskaya (-68 kiloqram) və Fəridə Əliyevaya (+68 kiloqram) üstünlük verib. Komanda çıxışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev də heyətdə olacaqlar. Kata üzrə baş məşqçi Vahid Ayvazov fərdi yarışlarda Roman Heydərova, para-karate çıxışlarında Sahib Əhədova, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyətə güvənib. Turnirdən bir gün əvvəl Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçiriləcək. EKF-in İcraiyyə Komitəsinin üzvü Y.Bəşirovla yanaşı, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak edəcəklər. Avropa çempionatında 51 ölkədən 508 idmançı mübarizə aparacaq. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları qazanmağa çalışacaqlar. Yarışı idarə edənlər arasında beynəlxalq referilər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də yer alacaq. Milli komandamız aprelin 2-də Bakıya qayıdacaq. Geri qayıt |