Əsas Səhifə > Milli komandalar > Azərbaycan cüdoçusu: “Tokio 2020” Olimpiadasında iştirak etmək üçün var gücümlə çalışacağam
Azərbaycan cüdoçusu: “Tokio 2020” Olimpiadasında iştirak etmək üçün var gücümlə çalışacağam9-03-2019, 20:48 |
Azərbaycan cüdoçusu Aleksandra-Larisa Florian birillik fasilədən sonra ilk dəfə dünyanın tanınmış cüdoçularının mübarizə apardıqları Mərakeş Qran-Prisində qüvvəsini sınayıb. BrendSport.az xəbər verir ki, idmançımız Mərakeş Qran-Prisində və ondan bir həftə əvvəl qatıldığı Avropa kubokunda Tokio Yay Olimpiya Oyunlarına lisenziya uğrunda ilk reytinq xallarını toplamağa başlayıb. Ötən ilin mayından start götürmüş lisenziya xarakterli yarışlarda bu aydan iştirak etməyə başlayan idmançı üçün “Tokio 2020”yə düşmək heç də asan olmayacaq. Dünya çempionatının mükafatçısı Beynəlxalq Cüdo Federasiyasının saytına müsahibəsində bunu etiraf etsə də, bu çətin tapşırığın öhdəsindən gələ biləcəyinə inandığını söyləyib: “Tokio 2020”yə lisenziya əldə etmək çox çətin olacaq. Amma düşünürəm ki, bu tapşırığın öhdəsindən gəlmək üçün kifayət qədər vaxtım var”. Yarışlardan kənarda qaldığı müddətdə tatamidə hər zaman döyüşməyə hazır olduğunu vurğulayan idmançı ötən dövrdə aramsız məşqlər etdiyini də bildirib. Tatami ustası karyerasını Azərbaycanda davam etdirməkdən məmnunluğunu vurğulayaraq deyib: “Şadam ki, Azərbaycan cüdo yığmasının heyətindəyəm. Amma vaxtımın çox hissəsini Bakıdan kənarda, təlim-məşq düşərgələrində keçirəcəyəm. Məşqçim mənim üçün birillik hazırlıq planı tərtib edib. Ən böyük arzum Olimpiya Oyunlarında iştirak etməkdir. “Tokio 2020”də iştirak etmək üçün var-gücümlə çalışacağam”. Qeyd edək ki, Azərbaycan komandasının tərkibində ilk dəfə Çexiyada keçirilmiş Avropa kubokunda iştirak edən cüdoçu beşinci yeri tutub. O Mərakeş Qran-Prisində italiyalı Martin Martinezini ipponla məğlub etsə də, növbəti mərhələdə fransalı cüdoçu Amandin Buşarın öhdəsindən gələ bilməyib. Aleksandra-Larisa Florian martın 29-31-də Tbilisidə, ondan bir həftə sonra isə Antalyada (5-7 aprel) keçiriləcək Qran-Pridə gücünü sınayacaq. Geri qayıt |