Əsas Səhifə > Milli komandalar > Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək

Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək


9-03-2019, 14:45
Bakıda keçiriləcək dünya kuboku yarışlarında ölkəmizi dörd gimnast təmsil edəcək
Milli Gimnastika Arenasında idman gimnastikası üzrə dünya kuboku yarışlarının təlim-məşq toplanışı keçirilib.

BrendSport.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadla xəbər verir ki, yarışlara bir neçə gün qalmış təşkilat komitəsi toplanışı yarış formatında test edərək bölmələr üzrə hazırlıq prosesini dəyərləndirib. Təmsilçilərimiz Murad Ağarzayev, İvan Tixonov, Nikita Simonov və qadın idman gimnastımız Marina Nekrasova öz proqramlarını tam şəkildə icra ediblər.
Turnirdə gimnastlarımızdan M.Ağarzayev və N.Simonov üç alətdə çıxış edəcəklər. İ.Tixonov isə bütün alətlərdə gücünü sınayacaq. Qadın təmsilçimiz də bütün alətlərdə medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, martın 14-17-də keçiriləcək dünya kuboku yarışları “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İlk dəfədir ki, idman gimnastları bu qəbildən olan yarışlardan Olimpiadaya birbaşa xallar toplayacaqlar. Təsnifat xarakterli kubok yarışları seriyanın ilk yarışı ötən ilin noyabrında Almaniyanın Kotbus şəhərində 50 ölkənin iştirakı ilə start götürüb. Bu ilin fevralında 32 ölkədən idman gimnastları Melburnda baş tutan dünya kubokunda çıxış ediblər.
Paytaxtımızın ev sahibliyi edəcəyi sayca üçüncü təsnifat yarışında isə 41 ölkənin təmsilçiləri mübarizə aparacaqlar. Onların arasında bir neçə Olimpiya mükafatçısı, dünya və Avropa medalçıları da olacaqlar. Dörd gün davam edəcək turnirdən bir neçə gün sonra isə gimnastlar 2019-cu ilin sonuncu Olimpiya təsnifatı yarışında iştirak etmək üçün Qətərin paytaxtı Dohaya yola düşəcəklər.
Geri qayıt