Əsas Səhifə > Milli komandalar > Kənan Məlikzadə medalın bir addımlığında

Kənan Məlikzadə medalın bir addımlığında


27-02-2019, 10:22



Rusiyanın Pyatiqorsk şəhərində Əməkdar bədən tərbiyəsi və idman xadimi Anatoli Samburovun xatirəsinə həsr olumuş ənənəvi açıq çempionata start verilib.


BrendSport.az Azərbaycan Qılıncoynatma Federasiyasına istinadla xəbər verir ki, turnirdə Azərbaycan, Rusiya və Ukrayna idmançıları yarışırlar. İlk yarış günündə 2002-2005-ci illər təvəllüdlü 82 qız və 76 oğlan mübarizə aparıb. Qızların yarışında şpaqaçılarımızdan Azərin İdriszadə və Nazilə Rəhimova qrup mərhələsində keçirilən 6 görüşdən 5-də qalib gəlib. Məryam Sadıxova 4, Alfiyə Abdinova isə qrupda keçirdiyi 6 görüşdən 2-də qələbə qazanıb. Otuz ikidəbir finalda Nazilə Rəhimova rusiyalı Yelizaveta Sergeyevanı 15:1 hesabı ilə məğlub edib. Ukrayna təmsilçisi Arina Koçanovayla qarşılaşan Azərin İdriszadə isə görüşü 15:7 hesabı ilə irəlidə bitirib. Digər iki təmsilçimizdən Məryəm Sadıxova Layma Kuduxovaya 8:15, Alfiyə Abdinova isə Ornel Cusoyevaya 13:15 hesabı ilə uduzaraq, mübarizəni 1/32 finalda dayandırıblar. Qılıncoynadanlarımızdan növbəti mərhələyə adlayan Azərin İdriszadə və Nazilə Rəhimova turnirin onaltıdabir finalında üz-üzə gəliblər. Görüş Azərinin 15:12 hesablı qələbəsi ilə başa çatıb. Şpaqaçımız səkkizdəbir finalda Rusiya idmançısı Ulyana Mordvinçevaya 5:15 hesabı ilə məğlub olub.

Oğlan şpaqaçılarımıza gəlincə, Kənan Məlikzadə qrup mərhələsində keçirdiyi 6 görüşdən 5-də qalib gəlib. Raul Aruslanov isə 6 görüşdən 1-ni qalib başa vurmaqla qrup mərhələsini adlaya bilməyib. Kənan 1/32 finalda İlya Rubleva (Rusiya) 15:6, onaltıdabir finalda isə Kiril Sokolova (Rusiya) 15:5 hesabı ilə qalib gəlib. Şpaqaçımız turnirin səkkizdəbir finalında da uğurlu çıxışla yadda qalıb. Kənan Məlikzadə bu mərhələdə Aleksandr Kolomiyçevi (Rusiya) 15:9 hesabı ilə məğlub edib. Dörddəbir finalda Ukrayna təmsilçisi Dmitri Çebotarevə 8:15 hesabı ilə uduzan Kənan Məlikzadə medalın bir addımlığında dayanıb. Fevralın 27-də yarışın rəsmi açılış mərasimi baş tutucaq. Açılış mərasimindən sonra 2005-2007 təvəllüdlü qılıncoynadanlar qüvvələrini sınayacaqlar.
Geri qayıt