Əsas Səhifə > Milli komandalar > Elnur Amanov: Bu il komandamızın məqsədi dünya çempionatına daha çox idmançı ilə qatılmaqdır
Elnur Amanov: Bu il komandamızın məqsədi dünya çempionatına daha çox idmançı ilə qatılmaqdır4-02-2019, 09:44 |
Cari ildə böyüklərdən ibarət taekvondo üzrə Azərbaycanın yığma komandası bir çox böyük beynəlxalq yarışlarda iştirak edəcək. Hədəfimiz bu idman növü üzrə keçirilən beynəlxalq yarışlara qatılaraq medallar qazanmaqla yanaşı, növbəti Olimpiya Oyunlarına lisenziya xalları toplamaqdır. Taekvondo idman növündə dünya çempionatları iki ildən bir keçirilir. Bu il əsas məqsədimiz mayda İngiltərədə keçiriləcək dünya çempionatına daha çox idmançımızı cəlb edərək uğurla mübarizə aparmaqdır. BrendSport.az xəbər verir ki, Bu barədə Azərbaycanın qadın taekvondoçulardan ibarət yığma komandasının baş məşqçisi, Əməkdar məşqçi Elnur Amanov AZƏRTAC -a müsahibəsində deyib. Respublika birinciliyinin qalibləri yığmaya cəlb olunur Əməkdar məşqçi Elnur Amanov qeyd edib ki, ötən il dekabrın sonlarında Bakıda keçirilən böyüklər arasında respublika çempionatında, dekabrın əvvəlində isə Bakıda gənclər arasında "Koreya səfiri kuboku" turnirində idmançıların döyüşlərini izləyib. Yığma komandaya taekvondoçuların seçimini həmin yarışlarda ediblər. “Biz məşqçilər gənc və perspektivli idmançıları da yığmaya cəlb etməyə çalışırıq ki, dünya çempionatına daha çox kişi və qadın idmançı ilə qatılaq. Gənclərdən ibarət yığma komandamızın heyətində ötən il dünya birinciliyinin qalibi olan, eyni zamanda, oktyabrda Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında üçüncü yeri tutan taekvondoçumuz Cavad Ağayev (63 kq) perspektivli idmançılardandır. O, son respublika çempionatında da birinci yerə çıxıb. Dünya Taekvondo Federasiyasının Olimpiya çəkiləri üzrə son reytinq cədvəlində 39-cu pilləyə qədər yüksəlib. Bu nəticələrinə görə artıq onu böyüklərdən ibarət yığmaya cəlb etmişik. Bundan başqa, fəxri kürsüdə mükafatçılar sırasında yer almaq, yığmanın üzvü olmaq üçün gənc və istedadlı idmançılar da Azərbaycan birinciliyində fəal mübarizə aparırdılar. Onlardan Bəhruz Quluzadə (54 kq) və Minayə Əkbərova (46 kq) ölkə çempionu oldular”, - deyə o əlavə edib. Dünya çempionatına qatılacaq yığmanın heyəti Antalyadakı turnirdə iştirak edən idmançılardan formalaşdırılacaq Gələcəkdə keçiriləcək beynəlxalq yarışlar barədə danışan E.Amanov diqqətə çatdırıb ki, milli komandamızın iştirak edəcəyi ilk yarışlar fevralda Türkiyənin Antalya şəhərində olacaq. Fevralın 11-12-də "Prezident kuboku", həmin ayın 15-16-da isə "Turkish open" turnirləri təşkil ediləcək. Yığmanın baş məşqçisi Reza Mehmandoust hər iki yarışda Azərbaycan çempionatında seçdiyimiz idmançıları da sınamağa qərara alıb. Çalışacağıq ki, həmin yarışlarda hər çəki dərəcəsində iki-üç idmançıya şans verək. Dünya çempionatına qatılacaq yığmanın heyətini Antalyadakı turnirdə iştirak edən idmançılar arasından formalaşdıracağıq. "Bundan başqa, martda Niderlanda və Belçikada, apreldə Ukraynadakı açıq birinciliklərdə və digər beynəlxalq yarışlarda idmançılarımızı sınamaq istəyirik", - deyə yığma komandanın baş məşqçisi əlavə edib. Geri qayıt |