Əsas Səhifə > Milli komandalar > Firdovsi Umudov: Güləşçilərimizin Tokio Olimpiadasında parlaq nailiyyətlərə imza atacaqlarına inanıram

Firdovsi Umudov: Güləşçilərimizin Tokio Olimpiadasında parlaq nailiyyətlərə imza atacaqlarına inanıram


21-12-2018, 22:02


Beynəlxalq yarışlarda böyük nailiyyətlər qazanmış yeniyetmə və gənc pəhləvanların güləş üzrə Azərbaycan çempionatında uğurla çıxış etməsi bizi son dərəcə sevindirir. Turan Bayramov (65 kq), Əli Rəhimzadə (65 kq), Mahir Əmiraslanov (57 kq), Hacımurad Hacıyev (74 kq), Murad Süleymanov (86 kq) və digər pəhləvanlarımız əsl peşəkarlıq nümayiş etdirdilər. Bu, yeniyetmə və gənc pəhləvanlarımız arasında istedadlı güləşçilərin yetişdiyini göstərir.

BrendSport.az xəbər verir ki, Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov AZƏRTAC-a müsahibəsində deyib.

F.Umudov qeyd edib: “Milli komandamızın Hacı Əliyev, Şərif Şərifov, Kəmaləddin Məhəmmədov, Cəbrayıl Həsənov kimi əsas üzvləri zədələri ilə əlaqədar bərpa prosesi keçdikləri üçün yarışlarda iştirak etməyiblər. Bu güləşçiləri bir sıra beynəlxalq yarışlarda sınaqdan keçirməyi nəzərdə tutmuşuq. Eyni zamanda, ölkə çempionatının qalib və mükafatçıları arxayınlaşmamalıdırlar. Əsasən gənc güləşçilər başa düşməlidirlər ki, onların üzərinə böyük məsuliyyət düşür. Çempion adını doğrultmaq üçün öz üzərlərində daha səylə işləməlidirlər. Çempionatla bağlı demək istəyirəm ki, bütün çəki dərəcələrində gərgin idman mübarizəsi izlədik”.

Yığma komandalarımızın Olimpiya Oyunlarının hazırlıqlarına başladığını diqqətə çatdıran vitse-prezident bildirib: “Azərbaycan Güləş Federasiyası tərəfindən yığmanın məşqi, yarışlara hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Güləşçilərimizə böyük ümidlər bəsləyirik. Azərbaycanda bütün idman növləri, o cümlədən güləş dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Pəhləvanlarımız bu qayğıya cavab olaraq daha yüksək zirvələr fəth etmək arzusundadırlar. Əminik ki, pəhləvanlarımız növbəti Olimpiya Oyunlarında parlaq nailiyyətlərə imza atacaqlar”.

Gələn il güləşçilərimizi bir sıra məsul yarışların gözlədiyini vurğulayan F.Umudov bu baxımdan ikinci Avropa Oyunlarını, Avropa və dünya çempionatlarını qeyd edib: “Birinci Avropa Oyunlarında pəhləvanlarımız parlaq nailiyyətlərə imza atıblar. Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında da yüksək nəticələr qazanmaq üçün var qüvvəmizi səfərbər edəcəyik. Gələn il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışlar da çox mühümdür. Güləşçilərimizin hər birinin qarşısına konkret hədəflər qoyulub.

Azərbaycanda “Tokio 2020”yə lisenziya xarakterli qitə miqyaslı turnirin keçirilə biləcəyini vurğulayan vitse-prezident bu barədə Dünya Güləş Birliyinə müraciət edildiyi vurğulayıb.
Geri qayıt