Əsas Səhifə > Milli komandalar > Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar

Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar


Bu gün, 15:40


III Beynəlxalq Xankəndi Ultramarafonuna ikinci mərhələsinə yekun vurulub.

BrendSport.az
xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və BŞH-nin birgə təşkilatçılığı ilə keçirilən ultramarafona 6 ölkədən 97 atlet qatılıb.

İkinci mərhələdə atletlər Ağdaş şəhərindən start götürərək Bərdəyədək 63,5 kilometr məsafəni qət ediblər. Kişilər arasında ikinci mərhələnin qalibi David Xarazişvili (Gürcüstan) olub. Andrey Eqorov (Litva) ikinci, Azərbaycan təmsilçisi Elşad Nəsibov isə üçüncü yeri tutub. Qadınlar arasında birinci yeri Olena Şevçenko (Ukrayna), ikinci yeri Leyla Abdinova (Rusiya), üçüncü yeri isə Natalya Vallek (Azərbaycan) tutub.

Xatırladaq ki, ilk mərhələnin qalibləri də David Xarazişvili (Gürcüstan) və Olena Şevçenko (Ukrayna) olublar.

İştirakçılar ümumilikdə 192 kilometr məsafə qət edərək Xankəndidə finişə çatacaqlar. Ultramarafon dörd mərhələdən ibarətdir: Qəbələ–Ağdaş (52,5 kilometr), Ağdaş–Bərdə (63,5 kilometr), Bərdə–Ağdam (46,8 kilometr) və Ağdam–Xankəndi (29,2 kilometr). Hər mərhələnin qalibləri ayrıca təltif edilir, ultramarafonun ümumi qalibləri isə baş mükafata layiq görüləcəklər.

Beynəlxalq ultramarafonun keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin və qaçış idmanının təbliği, həmçinin Azərbaycanın müxtəlif bölgələrinin idman vasitəsilə tanıdılmasıdır.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometr məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.








Geri qayıt