Əsas Səhifə > Milli komandalar > DÇ-2026: Braziliya millisi 24 illik çempionluq həsrətinə son qoya biləcəkmi?
DÇ-2026: Braziliya millisi 24 illik çempionluq həsrətinə son qoya biləcəkmi?Dünən, 15:00 |
![]() Futbol üzrə dünya çempionatları adətən gözlənilməzliyi ilə yadda qalır. Lakin 2026-cı ildə keçiriləcək mundial Braziliya millisi üçün xüsusi məna daşıyacaq. Ya “sambaçılar” nəhayət ki, altıncı dünya çempionluğunu qazanacaq, ya da tarixində ilk dəfə ən uzun titul həsrətini yaşayacaq. BrendSport.az xəbər verir ki, Braziliya yığması sonuncu dəfə 2002-ci ildə dünya çempionu olub. Maraqlıdır ki, bu 24 illik fasilə 1970-ci ildəki üçüncü titul ilə 1994-cü ildə qazanılan dördüncü çempionluq arasındakı müddətlə eynidir. Lakin iki dövr arasındakı fərq təkcə illərlə ölçülmür. Əgər 2026-cı ildə də titul qazanılmasa, Braziliya ardıcıl altıncı dünya çempionatını kuboksuz başa vuracaq və çempionluq həsrəti 28 ilə çatacaq. Bu isə yığma tarixində görünməmiş göstərici olacaq. Qızıl dövrdən sonra eniş 1958-ci ildə ilk dünya çempionluğunu qazanan Braziliya yığması qısa zamanda özünəməxsus oyun tərzi ilə dünya futbolunda seçilməyə başladı. Pele, Jairzinyo, Rivellino və Tostao kimi ulduz oyunçularla bu komanda futbol tarixinin simvollarından birinə çevrildi.1962-ci və 1970-ci illərdə qazanılan titullar Braziliyanın futbol dünyasındakı üstünlüyünü daha da möhkəmləndirdi. 1974–1990-cı illər arasında titul qazanılmasa da, həmin dövr Braziliya futbolunun kimliyini sarsıtmadı. 1986-cı ildə Fransaya penaltilərlə uduzmaq, 1990-cı ildə Maradonanın kapitanlıq etdiyi Argentinaya məğlub olmaq nə qədər acı olsa da, utancverici deyildi. 2006-cı il dünya çempionatı: ulduzlar, amma uğursuzluq Əsl böhran isə 2002-ci ildə qazanılan beşinci tituldan sonra başladı. Avropaya kütləvi futbolçu axını, daxili çempionatın cazibəsini itirməsi və milli komandanın daxilindəki liderlik böhranı Braziliya futbolunun özünəinamını sarsıtdı. 2006-cı il dünya çempionatı bu enişin rəmzinə çevrildi. Ronaldinyo, Ronaldo, Kaka, Adriano, Kafu və Roberto Karlosdan ibarət ulduzlarla zəngin heyətə baxmayaraq, Braziliya dörddəbir finalda Fransaya uduzaraq turniri erkən tərk etdi. Komandanın intizamsızlığı, meydandakı ruhsuz oyun futbol azarkeşlərində böyük məyusluq yaratdı. Bu məğlubiyyətdən sonra Braziliya Futbol Konfederasiyası Karlos Alberto Parreira ilə yollarını ayıraraq, Dunqanı baş məşqçi təyin etdi. Yeni çalışdırıcının rəhbərliyi altında qazanılan Amerika Kuboku (Copa Amerika) və Konfederasiyalar Kubokuna baxmayaraq, komanda öz sehrini itirdi. Neymar dövrü və 1:7 travması 2014-cü ildə Braziliya mundiala ev sahibliyi etsə də, yarımfinalda Almaniyaya 1:7 hesablı məğlubiyyəti futbol tarixinin ən ağır zərbələrindən biri oldu. Neymarın yoxluğunda komandanın bütün zəif cəhətləri üzə çıxdı. Sonrakı illərdə Braziliya “Neymar və digərləri” modelinə keçdi. O, lider idi, amma davamlı zədələr və qeyri-sabit forma səbəbindən komandanı zirvəyə daşıya bilmədi. 2018-ci və 2022-ci illərdə yenidən dörddəbir finalda mübarizəni dayandıran “sambaçılar” üçün bu mərhələ adiləşdi. 2026-cı il: son şans, yoxsa yeni başlanğıc? 2026-cı ilə gedən yol da asan olmadı. Bir-birini əvəz edən baş məşqçilərdən sonra Karlo Ançelottinin təyinatı Braziliya futbolu üçün simvolik addım oldu. O, dünya çempionatında Braziliyanı çalışdıran ilk əcnəbi mütəxəssis olacaq. Hazırda Neymarın durumu qeyri-müəyyəndir. Liderlik isə Vinisius Junior, Rafinya və təcrübəli Kazemiroya həvalə olunub. Bu futbolçuların əksəriyyəti 2002-ci ildəki çempionluğu ya xatırlamır, ya da ümumiyyətlə yaşamayıb. Braziliya bu gün cavabsız suallarla üz-üzədir: azad oyun, yoxsa intizam? Neymarla, yoxsa Neymarsız yol? Yerli, yoxsa əcnəbi məşqçi? Bir vaxtlar futbolu sehrə çevirən braziliyalılar indi öz kimliyini axtarır. 2026-cı il isə bu uzun və ağır hekayənin necə davam edəcəyini göstərəcək. Geri qayıt |