Əsas Səhifə > Milli komandalar > DÇ-2026: Türkiyə millisinin pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

DÇ-2026: Türkiyə millisinin pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub


Bu gün, 13:23


DÇ-2026-nın seçmə mərhələsində öz qrupunu ikinci pillədə tamamlayan Türkiyə millisinin pley-off oyunlarındakı potensial rəqibləri bəlli olub.

BrendSport.az
xəbər verir ki, püşkatmada 1-ci səbətdə yer alacaq “ay-ulduzlular” 4-cü səbətdəki 4 komandadan biri - Rumıniya, İsveç, Şimali İrlandiya və ya Şimali Makedoniya ilə yarımfinal oyununa çıxacaq. Qalib gələn yığmalar finala vəsiqə qazanacaqlar.

Pley-off matçlarında ümumilikdə 16 kollektiv iştirak edəcək. Onlardan 12-si seçmə mərhələnin qrup ikinciləri, 4-ü isə UEFA Millətlər Liqasından (Rumıniya, İsveç, Şimali İrlandiya və Şimali Makedoniya) gələn komandalardır.

Yığmalar püşkatma öncəsi hərəsində 4 komanda olan 4 səbətə bölünüb. Birinci səbətdə yer alan ölkələr dördüncü, ikinci səbətdəki yığmalar isə üçüncüdə qrupdakı kollektivlərlə qarşılaşacaqlar.

1-ci səbət: Türkiyə, İtaliya, Ukrayna, Danimarka

2-ci səbət: Uels, Polşa, Çexiya, Slovakiya

3-cü səbət: Albaniya, İrlandiya, Kosovo, Bosniya və Herseqovina

4-cü səbət: Rumıniya, İsveç, Şimali İrlandiya, Şimali Makedoniya

Pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfina və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. 1 və 2-ci səbətlərdə olan komandalar ilk oyunlarını öz meydanında keçirəcəklər. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatma mərasimi noyabrın 20-də İsveçrənin Sürix şəhərində təşkil olunacaq.
Geri qayıt