Əsas Səhifə > Milli komandalar > Millimiz Türkiyəyə 21 futbolçu aparır

Millimiz Türkiyəyə 21 futbolçu aparır


20-04-2018, 18:07


2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək UEFA İnkişaf turnirində iştirak edəcək. Turnirdə komandamızla yanaşı, Gürcüstan və Türkiyə yığmaları mübarizə aparacaq.

Yunanıstan yığması turnirdə iştirakdan imtina etdiyi üçün Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması 2-ci komanda kimi yarışa qatılacaq.

Aşağı yaş qruplarından ibarət milli komandalar üzrə Avropa çempionatlarının elit raundu və final mərhələsi başa çatmadığı üçün UEFA-nın keçirdiyi yarışlarda 2003-cü il təvəllüdlülərdən ibarət yığma komandalar U-15 hesab olunur. Azərbaycanda isə yığma komandaların heyəti müəyyənləşdirilərkən növbəti seçmə mərhələ nəzərdə tutulduğu üçün bir yaş daha kiçik futbolçular cəlb olunur. Buna görə Antalyada keçiriləcək UEFA İnkişaf turnirində Azər Məmmədovun baş məşqçisi olduğu U-16 iştirak edəcək. Amma 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma həmin yarışda Azərbaycan U-15 komandası adlanacaq.

Turnir üçün yığmamıza 21 futbolçu çağırılıb: Rəşad Həsənov, Əbil Əbilov, Vaqif Həsənov (hamısı "Keşlə”), Ümid Səmədov, Həsən Seyfullayev (hər ikisi "Kəpəz”), Mirismayıl Rəhimov, Elnur Əliyev (hər ikisi "Qarabağ”), Kamal Kazımov, Mehrac Baxşəliyev, Ülvü Mədətov, Süleyman Damadayev , Vüsal Mirzəzadə (hamısı "Qəbələ”), Nihad Cəfərov ("Neftçi”), Ayxan Cabbarov (SAVEDALENS, İsveç), Vüsal Qənbərov ("Texnofootball”, İspaniya), Kamran Şabiyev, Fərrux Fərzəliyev, Bəhruz Tanırverdiyev, Vüsal Vəliyev (hamısı "Vətən”), Cəlal Hüseynov, Gülağa Əsədov (hər ikisi "Zirə”).

Qeyd edək ki, millimiz aprelin 23-də Türkiyə-2, 25-də Gürcüstan, 27-də Türkiyə ilə qarşılaşacaq.
Geri qayıt