Əsas Səhifə > Milli komandalar > Millimiz məğlubiyyətsizlik seriyalarını davam etdirmək iddiasında
Millimiz məğlubiyyətsizlik seriyalarını davam etdirmək iddiasında22-03-2018, 14:50 |
Azərbaycan millisi sabah növbəti yoldaşlıq oyununu keçirəcək. Qurban Qurbanovun çalışdırdığı komanda Bakıda Belarus yığması ilə üz-üzə gələcək. Bu, “Qarabağ”ın çalışdırıcısının millinin “sükanı arxası”nda ikinci matçı olacaq. Debüt görüşündə Moldova ilə qarşılaşan Qurbanov qolsuz bərabərliyə razılaşmışdı. Budəfəki rəqib də millimiz üçün yad komanda deyil. Belə ki, Azərbaycan Belarusla bu vaxta qədər 2 oyun keçirib. 22 il əvvəl, yəni 1996-cı ildə baş tutan ilk duel 2:2 hesabı ilə başa çatıb və komandamızın birinci qolunu məhz Qurban Qurbanov vurub. 2001-ci ildə isə tərəflər Bolqarıstanda görüşüblər və yığmamız Zaur Tağızadənin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb. Belarusa uduzmayan millimiz uğurlu seriyanı bu dəfə də davam etdirmək niyyətindədi. Yığmamız görüşə daha bir məğlubiyyətsizlik seriyası ilə çıxacaq. Söhbət komandamızın uzun müddətdi evdə keçirdiyi yoxlama oyunlarında uduzmamağından gedir. Komandamız doğma azarkeşləri önündə sonuncu dəfə 2011-ci il avqustun 10-da, Makedoniya ilə oyunda məğlubiyyət acısı yaşayıb. Yığmamız 857 gündən sonra doğma arenada seçmə xarakteri daşımayan növbəti sınağa çıxacaq. Millətlər Liqasına indidən hazırlaşan millimizin baş məşqçisi Qurban Qurbanov toplanışa yığmada görməyə alışmadığımız bir neçə futbolçu dəvət edib. 46 yaşlı məşqçi yeni adlara da şans verərək, planlarına uyğun gəlib-gəlməyən oyunçuları müəyyənləşdirmək istəyir. 10 komandadan 24 futbolçu çağıran Qurbanov onları əvvəlcə Belarus, 4 gün sonra isə Antalyada Makedoniya ilə keçiriləcək matçda yoxlayacaq. Yoldaşlıq matçı 23 mart 20:00. Azərbaycan - Belarus Baş hakim: Andris Treymanis (Latviya) Bakı Olimpiya Stadionu Apasport Geri qayıt |