Əsas Səhifə > Milli komandalar > Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib

Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib


13-11-2023, 16:45

Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib.

BrendSport.az
xəbər verir ki, yubiley mövsümünün ilk turunun oyunları “AHF Arena” və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.

Kişilərin turnirində 7, qadınların yarışında isə 6 komanda fəxri mükafatlar uğrunda mübarizəyə başlayıblar.

Kişilərin yarışında yeni mövsüm “İdman Akademiyası” və “Dinamo” həndbolçularının qarşılaşması ilə start götürüb. “AHF Arena”da təşkil olunan görüş “İdman Akademiyası”nın 36:21 hesablı qələbəsi ilə yekunlaşıb.

Turun mərkəzi oyunu “Azəryol” və “Qarabağ” arasında olub. Nominal qonaqlar ilk hissədə 13:7 hesabı ilə önə keçiblər. Fasilədən sonra “Azəryol” həndbolçuları rəqiblərinə ciddi müqavimət göstəriblər. Hətta matçın sonlarına yaxın meydan sahibləri fərqi minimuma endirməyə də nail olublar. Lakin daha inamlı oyun nümayiş etdirən “Qarabağ” gərgin mübarizənin yekununda 25:22 hesabı ilə qalib gəlib.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Kür” – “Təhsil” matçında isə meydan sahibləri çətinlik çəkmədən qələbə qazanıblar. “Kür” həndbolçularının 50 dəqiq zərbəsinə qonaqlar 17 qolla cavab veriblər.

Qadınların çempionatında mövsümün ilk görüşü “Bakı” və “İdman Akademiyası” arasında keçirilib. “Tələbələr” 11 top fərqi ilə üstün olublar – 33:22.

“Kür” Olimpiya Tədris-İdman Mərkəzində isə yerli “Kür” komandası “Qarabağ”ı qəbul edib. Paytaxt klubu ilk hissəni 13:10 hesabı ilə xeyrinə tamamlayıb. İkinci yarıda “Kür” həndbolçuları fəallaşsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə, görüş “Qarabağ”ın 25:24 hesablı qələbəsi ilə başa çatıb.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi ölkə çempionatında ikinci turun oyunları noyabrın 18-i və 19-da keçiriləcək.
Geri qayıt