Əsas Səhifə > Milli komandalar > Azərbaycan millisinin baş məşqçisi: “Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi"

Azərbaycan millisinin baş məşqçisi: “Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi"


31-10-2023, 20:24


“Bu oyundan qalib ayrılmaq bizim üçün çox önəmli idi. Çünki qələbə qazanacağımız halda həm qrup lideri olacaqdıq, həm də əsas rəqibimizdən bir qədər də uzaqlaşacaqdıq”.

BrendSport.az
xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis Millətlər Liqasının IV turu çərçivəsində bu gün “Dalğa Arena”da Monteneqronu 3:0 hesabı ilə məğlub etmələrindən məmnun qaldığını söyləyib: “İkinci hissənin əvvəlində oyunumuzda bir qədər eniş oldu. Rəqib əsasən uzun ötürmələrlə çıxmaq istəyirdi. Bunun da əsas səbəbi ucaboy futbolçularının olması idi. Biz isə oyunun tempinə istədiyimiz şəkildə nəzarət edə bildik. Bu zaman rəqibin oyununda eniş oldu. Əslində oyun planına əsasən ilk hissədə fərqlənməliydik. Təəssüf ki, yaratdığımız imkanları dəyərləndirə bilmədik. İkinci hissədə isə istədiyimiz qolları vurub layiqli qələbə qazandıq”.

Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var. Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.
Geri qayıt