Əsas Səhifə > Milli komandalar > AVF rəhbərliyi Avropa Kubokunun qalibləri ilə görüşüb

AVF rəhbərliyi Avropa Kubokunun qalibləri ilə görüşüb


10-10-2023, 21:56


Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi çimərlik voleybolu üzrə Avropa Kubokunun qalibləri ilə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdə AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, İdarə Heyətinin üzvləri, yarışda iştirak etmiş "Murov Az Terminal" və "Azərreyl" klublarının voleybolçuları, menecer və baş məşqçiləri, həmçinin federasiyanın digər əməkdaşları iştirak ediblər.

Çıxış edən Şahin Bağırov çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunun (Beach Volley European Cup) qalibi olan kişilərdən ibarət "Murov Az Terminal" klubunun kollektivini təbrik edib. O, yarışda bir neçə mərhələ adlayan qadınlardan ibarət "Azərreyl"in oyunçularına da uğurlu çıxışa görə təşəkkürünü bildirib.

Təmsilçilərimizin qitənin ən güclü 10 ölkəsinin komandalarına qarşı əzmkar oyun göstərdiklərini söyləyən Ş.Bağırov bu nəticələrin ölkə voleybolu üçün önəmli olduğunu əlavə edib. AVF prezidenti qazanılan uğurda hər bir kəsin böyük əməyinin olduğunu qeyd edib. Qısa vaxtda əldə olununan bu uğura görə hərkəsi təbrik edib.

Federasiya rəhbəri "Murov Az Terminal" klubunun adına layiq çıxış etdiyini vurğulayıb: “Murov bizim ən uca zirvələrimizdəndir və bu adı daşıyan klub çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunda bayrağımızı ən uca zirvədə dalğalandırdı”.

Voleybolumuzun bütün istiqamətlərdə inkişafının vacibliyini vurğulayan Ş.Bağırov bununla bağlı bir çox işlər görüldüyünü diqqətə çatdırıb. Bildirib ki, görülən bu işlərdə məqsəd məhz belə nailiyyətlərin qazanılmasıdır. O, bundan sonra da qələbələrin sayının çox olacağına, klublarımızın, yığma komandalarımızın Avropa, dünya arenalarında uğurla çıxış edəcəklərinə əminliyini ifadə edib və hər bir voleybolçuya, mütəxəssisə uğurlar arzulayıb.

Sonra vitse-prezidentlər, baş katib və İdarə Heyətinin üzvləri idmançıların uğurlu çıxışı və qazanılan qələbə münasibətilə hər kəsi təbrik ediblər. Bu uğurların əsasının məhz ölkə çempionatlarından başladığını, beynəlxalq arenada qazanılan qələbənin son bir neçə ayda Azərbaycanda keçirilən çimərlik voleybolu üzrə yarışların nəticəsi olduğu bildirilib. Həmçinin qeyd olunub ki, hər kəsin ürəyi bir məqsəd üçün döyünəndə böyük qələbələr də qazanılır və bu nailiyyət məhz voleybolçuların, mütəxəssislərin birliyini nümayiş etdirir.

Tədbirdə çıxış edən məşqçilər və oyunçular göstərilən diqqət və qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonra komandaların baş məşqçiləri idmançıların çıxışını dəyərləndirib, onlara gözəl mübarizə apardıqlarına görə təşəkkür ediblər. Tədbirin sonunda Avropa Kuboku və çempionların imzası olan top AVF prezidentinə təqdim olunub, xatirə şəkli çəkilib.
Geri qayıt