Əsas Səhifə > Milli komandalar > Hacı Əliyev: "Bu medal üçün çox əziyyət çəkdim"

Hacı Əliyev: "Bu medal üçün çox əziyyət çəkdim"


21-04-2023, 12:00



BrendSport.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

70 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı dördüncü dəfə bu uğura imza atdığı üçün sevincli olduğunu bildirib: "Güləş tariximizdə belə nailiyyət olmamışdı. Şükürlər olsun ki, bu tarixi yaza bildim".

Əliyev bolqarıstanlı Ramazan Ramazanovla final görüşündə baş verən insidentə də toxunub: "Güləşdə tez-tez belə hadisələr baş verir. Ciddi bir şey olmadı. Əsas odur ki, görüşdən sonra rəqiblə barışdıq. Hər şey normal keçdi".

Əvvəllər 65 kq-da mübarizə aparan titullu güləşçi çəkisini dəyişmədiyini söyləyib: "Qarşıda dünya çempionatı var. Məşqçilərlə belə qərara gəldik ki, Avropa çempionatında 65 kq-da güləşməyim, əsas gücümü mundiala saxlayım. Orada həm çempion olmaq, həm də Paris olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Olimpiya Oyunlarından sonra isə idmanla vidalaşacağam".
Geri qayıt