Əsas Səhifə > Maraq > UEFA Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Gent”ə qalib gəlib

UEFA Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Gent”ə qalib gəlib


17-02-2023, 00:01
UEFA Konfrans Liqası: “Qarabağ” pley-off mərhələsinin ilk oyununda “Gent”ə qalib gəlib

“Qarabağ” komandası bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində ilk oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Azərbaycanın təmsilçisi Bakıda Belçikanın “Gent” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda “Qarabağ” qələbə qazanıb.
Qarşılaşmadan əvvəl futbolçular meydana “Yanınızdayız” pankartı ilə çıxıblar. Eləcə də Türkiyədə və Suriyada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Qarabağ"ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alıb.

Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda qarşılıqlı hücumlar şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.
"Qarabağ" ikinci hissənin 52-ci dəqiqəsində penalti vurmaq imkanı əldə etsə də, Ramil Şeydayev 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
İsveçrəli baş hakim Məhəmməd Al-Hakimin idarə etdiyi matçın 78-ci dəqiqəsində Ağdam təmsilçisi hesabı açıb. Meydan sahiblərinin heyətində Leandro Andrade fərqlənib - 1:0. Oyunda başqa qol olmayıb və “Qarabağ” pley-off mərhələsinin ilk oyunundan qələbə ilə ayrılıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində olacaq.
Geri qayıt