Əsas Səhifə > Maraq > Millimiz “Tour of Sharjah” yarışının ikinci mərhələsini uğurla başa vurub
Millimiz “Tour of Sharjah” yarışının ikinci mərhələsini uğurla başa vurub28-01-2023, 20:50 |
BrendSport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının şose velosipedi üzrə (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışının ikinci mərhələsi başa çatıb. Yanvarın 28-də idmançılar 130,7 km məsafəyə qrup ötüşməsi növündə mübarizə aparıblar. “Sharjah University” ərazisindən start götürən velosipedçilər “Al Badayer Oasis”də finişə çatıblar. Yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının bütün üzvləri əzmlə mübarizə apararaq, finiş xəttini lider qrupun tərkibində keçiblər. Hakimlər nəticələri fotofinişə əsasən müəyyənləşdiriblər. Bu mərhələni milli komandamızın üzvlərindən Musa Mikayılzadə 16-cı (02h49'55''), Elçin Əsədov 17-ci (02h49'55''), Nəcəf Bağırov 20-ci (02h49'55''), Elgün Əlizadə 33-cü (02h49'55''), Şahin Eyvazov 79-cu (02h49'55''), Əli Qurbanov isə 86-cı (02h49'55') yerdə başa vurublar. BƏƏ-nin “Dubai Police” klubunun əlcəzairli idmançısı Hamza Yacine (02h49'55') birinci yerə layiq görülüb. Gənc velosipedçilər arasında isə milli komandamızın üzvü Nəcəf Bağırov 4-cü pillədə yer alıb (02h49'55''). İki mərhələnin ümumi nəticəsinə əsasən milli yığma komandamızın kapitanı Elçin Əsədov 10-cu yerdə qərarlaşıb (03h01'32''). O, yarışın liderindən 18 saniyə geri qalır. Qeyd edək ki, 17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarışa yanvarın 31-də yekun vurulacaq. Geri qayıt |