Əsas Səhifə > Maraq > Canni De Byazi: Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik

Canni De Byazi: Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik


22-03-2022, 18:15
Canni De Byazi: Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik


Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, heç vaxt Eddi israfilovla Dmitri Nazarovu milliyə çağırmayacağımı deməmişəm. Bu qərar sadəcə, COVID-19-la bağlı idi. Həmin vaxt gənclərə şans verdik. İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır
BrendSport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.
66 yaşlı mütəxəssis bildirib ki, heyət seçimi ilə bağlı əmin olmadığı bir şey yoxdur: "Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada heç bir problem görmürəm".
İtaliyalı baş məşqçi dəvət göndərdiyi qapıçılardan da söz açıb: "Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".
O, "Qəbələ"nin digər futbolçuları - Rövlan Muradov, Murad Musayev və Ülvi İsgəndərovu yığmaya dəvət etməməsinin səbəbini açıqlayıb: "Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma tanıdığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim. Murad Musayev və Ülvi İsgəndərov da yaxşı futbolçulardır. Musayevi viza məsələsinə görə milliyə cəlb edə bilmədik. İsgəndərov maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, vaxtı çatanda millidə olacaq".
De Byazi Azər Əliyevin Azərbaycan millisinə cəlb olunması məsələsinə münasibət bildirmək istəməyib: "Yaxşı olardı ki, bu barədə başqa vaxt danışaq. Malta ilə matça hazırlaşırıq və udmaq istəyirik. Bütün diqqətlərimiz qarşıdakı matçlardadır. Hazırda əlimizdəki oyunçulardan bəhs etmək istəyirəm".
Təcrübəli mütəxəssis U-21 yığmasına çağırılan "Qarabağ"ın yarımmüdafiəçisi Rüstəm Əhmədzadənin daha sonra A milliyə cəlb olunmasına da münasibət bildirib: "Əvvəlcə onu U-21-ə buraxmaq istədim. Amma Namik Ələskərov zədələndiyindən Rüstəmi əsas milliyə çağırdım. Düzdür, bu mövsüm az oynayır, amma ona ümidim böyükdür. Azərbaycan futbolunun gələcəyi ola bilər".
Baş məşqçi uğur qazanmaq üçün birlik nümayiş etdirməyin önəmini vurğulayıb: "Qələbə öz-özünə gəlmir. Onu axtarmaq lazımdır. Bunu birlikdə edə bilərik. Yeni layihəyə başlayırıq. İyunda 4 oyun keçirəcəyik və bizə 30-a yaxın futbolçu lazım olacaq. Bizə indi birlik lazımdır. Hamımız başa düşməliyik ki, bu bayraq üçün mübarizə aparırıq və uğur qazanmalıyıq".
De Byazi Millətlər Liqası matçlarının mövsüm başa çatdıqdan sonra oynanılmasının çətinlik yaradacağını istisna etməyib: "Amma rəqiblərimiz də yorğun olacaq, ağır mövsümdən sonra oynayacaqlar. Balanslı qrupdur. Slovakiyanı çıxmaq şərtilə, digərləri ilə mübarizə aparmaq olar. 3 gündən bir oynayacağımız üçün səfərlər edəcəyik". Qrupumuzdakı digər rəqibin bilinməsi üçün pley-off oyunlarını gözləyirik".
Qeyd edək ki, Azərbaycan millisi martın 25-də Malta, 29-da isə Latviya ilə qarşılaşacaq. Hər iki görüş Maltada baş tutacaq.
Geri qayıt