Əsas Səhifə > Maraq > Aynur Səmədova: İdman Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir
Aynur Səmədova: İdman Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir19-03-2022, 19:03 |
Badminton dünyada kütləvi idman növlərindən sayılır. İdmanın bu növü ilə məşğul olmaq üçün raketka və volan kifayət edir. İstənilən yaşda badmintonla məşğul olmağın üstünlüyü idmanın bu növünün özəlliklərindəndir. Zədələnmə ehtimalının az olması, eyni zamanda, oğlanlar və qızların birgə oynamaq imkanın olması da badmintonu digər idman növləri ilə müqayisədə daha populyar edir. Bunu Azərbaycan Badminton Federasiyasının vitse-prezidenti Aynur Səmədova BrendSport.az-a açıqlamasında deyib. Azərbaycanda idmanın inkişafı üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını vurğulayan vitse-prezident bildirib: “Bu gün idmanda qazandığımız uğurlar məhz idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının təzahürüdür. Prezident İlham Əliyev Avropa çempionu adını qazanan güləşçilərlə görüşündə bir daha vurğuladı ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. İdman dövlət siyasətinin mühüm tərkib hissəsidir. Biz də Azərbaycan Badminton Federasiyası olaraq fəaliyyətimizi dövlətimizin başçısı İlham Əliyevin idmançılarla görüşdə səsləndirdiyi istiqamətlər üzrə qurmuşuq və bu sahədə işləri davam etdiririk. Federasiya olaraq bölgələrdə yeni istedadlar axtarışındayıq. Artıq bu məqsədlə cari ildə Göygöl, Qusar, Lənkəran Olimpiya İdman Komplekslərində Dünya Badminton Federasiyası ilə birgə Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Təhsil Nazirliyinin dəstəyi ilə “Shuttle Time” proqramını həyata keçirdik. Bir neçə gün davam edən təlimlərdə 500-ə yaxın məktəbli və idman müəllimi bu layihəyə cəlb olundu. Məktəblilərin böyük əksəriyyətinin 8-10 yaşlı uşaqların olması bizim üçün xüsusilə sevindirici məqamdır. Onlara badmintonun təməl prinsipləri, qaydaları izah olundu. Bölgələrdə badminton tədris etmək istəyən idman müəllimləri tərəfimizdən inventarla təmin olunacaq. Onlara müvafiq şəraitin yaradılması üçün kömək göstəriləcək. İdman uşaqların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İdman həyat tərzidir. Məqsədimiz ölkə idmanına töhfə vermək, ilk növbədə cəmiyyətimizə layiqli vətəndaş yetişdirməkdir”. Geri qayıt |