Əsas Səhifə > Maraq > "Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançımız Mehman Ramazanzadə Çinə yola düşüb

"Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançımız Mehman Ramazanzadə Çinə yola düşüb


6-03-2022, 22:02
"Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançımız Mehman Ramazanzadə Çinə yola düşüb


"Pekin-2022" XIII Qış Paralimpiya Oyunlarında iştirak edəcək Azərbaycan Paralimpiya komandasının üzvü Mehman Ramazanzadə martın 6-da Çinə yola düşüb.
BrendSport.az xəbər verir ki, gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, baş katib Kamal Məmmədov və Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev idmançımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda yola salıblar.
Gənclər və İdman naziri idmançıya uğurlar arzulayıb, Azərbaycanın ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında təmsil olunmasının əlamətdar hadisə olduğunu qeyd edib.
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin idmançılara, xüsusilə paralimpiyaçılara göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, idmançılarımız həmişə beynəlxalq arenalarda ölkəmizin bayrağını ucaldırlar.
İ.Rəhimov qeyd edib ki, 2018-ci ildən etibarən Azərbaycan Milli Paralimpiya Komitəsində yerli idmançıların iştirakı ilə qış idman növləri üzrə komanda formalaşdırılıb.
Gənclər və İdman Nazirliyi, Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin göstərdiyi dəstək nəticəsində ölkəmiz ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak hüququ əldə edib.
Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev paralimpiyaçımızın Qış Paralimpiya Oyunlarına iştirak hüququ əldə etməsinin artıq böyük bir qələbə olduğunu bildirib. F.Nağıyev bundan sonra da qış idman növlərinin inkişaf etdirilməsində dəstək verəcəklərini vurğulayıb.
Komitənin baş katibi Kamal Məmmədov bildirib ki, qış idman növlərində kütləviliyin artırılması məqsədi ilə bundan sonra da işlər davam etdiriləcək. Məqsəd "Milan-2026" XIV Qış Paralimpiya Oyunlarında iştirak edəcək idmançılarımız və idman növlərinin artırılmasıdır. O, əlavə edib ki, daha bir idmançımız da Oyunlara lisenziya qazana bilərdi, lakin dağ xizəyi növündə çıxış edən idmançımız Daşqın Abbasov keçən il COVID-19 səbəbindən Avstriyada keçirilmiş Avropa kuboku yarışında iştirak etməyib və bu səbəbdən kifayət qədər reytinq xalı toplaya bilməyib.
Daha sonra iştirakçılar idmançımıza uğurlar arzulayaraq xatirə şəkili çəkdiriblər.
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq Qış Paralimpiya Oyunlarında iştirak edəcək. Kross-kantri növünün sprint kateqoriyasında iştirak edəcək Mehman Ramazanzadənin yarışı martın 9-u baş tutacaq.
Geri qayıt