Əsas Səhifə > Maraq > 5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür

5 mart - Bədən Tərbiyəsi və İdman Günüdür


5-03-2022, 09:00


Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
BrendSport.az
saytı xəbər verir ki, Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il bu gün Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ümummilli lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur. Bu qərarlar müsbət nəticələr verir, Olimpiya və dünya çempionatlarında qazanılan medalların, nailiyyətlərin sayı ildən-ilə artır. İdmançılarımız 2008-ci ilin avqustunda Pekində keçirilən Olimpiya Oyunlarında uğurla çıxış edərək 7 medal qazanıb və Azərbaycan dünyanın iki yüzdən çox ölkəsi arasında 38-ci yeri tutub. Prezident İlham Əliyevin Sərəncamı ilə “İdman İli” elan edilən 2012-ci il də Azərbaycan idmançıları üçün uğurlu il olub. Komandamız Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında daha yaxşı nəticə göstərib. London Olimpiadasında idmanın 16 növü üzrə 53 idmançı ilə təmsil olunan Azərbaycan iki qızıl, iki gümüş və altı bürünc medal qazanmaqla bundan əvvəlki olimpiadalardakı rekordunu yeniləyib. 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan milli komandası medal sayına görə 14-cü yerdə qərarlaşdı. İdmançılarımız milli komandamızın aktivinə 18 medal yazdırıblar.
İndi nəinki Bakıda, ölkəmizin bütün bölgələrində müasir Olimpiya İdman kompleksləri tikilib, idman mərkəzləri uğurla fəaliyyət göstərir.
İdman sahəsində əsl yüksəliş dövrünü yaşayan Azərbaycanda mükəmməl idman infrastrukturu yaradılıb. Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. Bütün bunlar ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, 2020-ci ildə bədii gimnastika üzrə dünya çempionatına, habelə Formula-1 Azərbaycan Qran-prilərinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

Azərbaycanın idmanının tarixində ən mühüm hadisələrdən biri də ötən il futbol üzrə Avropa çempionatının final mərhələsinin qrup görüşlərinin üç, dörddəbir finalın isə bir oyunun Bakıda keçirilməsi olub. Bakı bu mötəbər idman yarışına ev sahibliyi edən 12 Avropa şəhərindən biri kimi tarixə düşdü. Bu idman yarışı ölkəmizdə yüksək səviyyədə təşkil edildi.
2022-ci ildə də ölkəmiz beynəlxalq yarışlara ev sahibliyi etməyə davam edəcək. Gimnastika üzrə dünya kubokları, həmçinin dünya çempionatları, Formula-1 Azərbaycan Qran-Prisi, cüdo və güləş üzrə beynəlxalq yarışlar Bakıda keçiriləcək.
Daim Azərbaycan bayrağını qürurla dalğalandırmaq üçün bütün yarışlarda yüksək əzmkarlıqla mübarizə aparan idmançılarımız Vətən müharibəsində də eyni amal – üçrəngli bayrağımızın əzəli torpaqlarımızda ucaldılması üçün cəbhəyə yolandılar. Vətən müharibəsində idman sahəsi üzrə 500 nəfər İkinci Qarabağ müharibəsində iştirak etdi. Onlardan 54 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə 390 nəfər könüllü kimi qatılıb. Hərbi xidmətə çağırılanlar 33, hərbçi kimi iştirak edənlər isə 23 nəfər olub. Müharibə iştirakçılarından 67 nəfər yaralanıb. Bütün bunlar Azərbaycan idmançılarının doğma Vətəni canları qədər sevdiklərini, onların nümunəvi vətəndaş olduqlarını bir daha sübut edir.
Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır.
Prezident İlham Əliyev 2022-ci ili “Şuşa ili” elan edib. Belə bir ildə böyük idmanın Qarabağa qayıdışı yolunda ilkin addımların atılacağına əminik. Bu istiqamətdə ilk addım isə Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşası olacaq. Bu il daha məsuliyyətli və idman yarışları ilə zəngin ildir. İnanırıq ki, bu il idmanın bütün istiqamətlərində uğur qazanacağıq. 2022-ci ildə biz birlikdə daha güclü olduğumuzu yarış meydanlarında da sübut edəcəyik.
Geri qayıt