Əsas Səhifə > Maraq > Şose velosipedi üzrə Azərbaycan Kuboku turnirində ikinci mərhələyə yekun vurulub
Şose velosipedi üzrə Azərbaycan Kuboku turnirində ikinci mərhələyə yekun vurulub20-02-2022, 16:30 |
Şose velosipedi üzrə Azərbaycan Kuboku uğrunda turnirin ikinci mərhələsinə yekun vurulub. Azərbaycan Velosiped İdmanı Federasiyasından BrendSport.az-a bildiriblər ki, yarışda müxtəlif klubların bütün yaş kateqoriyaları üzrə 60-a yaxın idmançısı iştirak edib. Reqlamentə əsasən, yarışın birinci günündə idmançılar 14 kilometr məsafəyə fərdi ötüşmədə mübarizə aparıblar. Növbəti gün isə velosipedçilər yaş kateqoriyalarına uyğun olaraq 32 və 64 kilometr məsafələrə qrup ötüşməsində qalibləri müəyyən ediblər. Turnirdə 15 yaşadək qızlar arasında Məryəm Əfqanzadə həm fərdi, həm də qrup ötüşməsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 17 yaşadək qızların mübarizəsində İradə Əbdürəhmanova fərdi, Ayan Məmmədzadə isə qrup ötüşməsində qalib olub. Bu yaş kateqoriyasında çıxış edən oğlanlar arasında Tamerlan Vitovski və Ravi Rzayev müvafiq olaraq fərdi və qrup ötüşməsində qızıl medala layiq görülüblər. Gənc oğlanlar və qızlar arasında Kamran Mirzəxanov və Diana Sidorenko, U23/Elit yaş kateqoriyasında isə Musa Mikayılzadə və Lalə Əbdürəhmanova həm fərdi, həm də qrup ötüşməsində bütün rəqiblərindən güclü olublar. Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev, birinci vitse-prezident Sahib Ələkbərov, vitse-prezident Robert Eyyubov və federasiyanın Nəzarət-Təftiş Komissiyasının sədri Fərid Haqverdi təqdim ediblər. Geri qayıt |