Əsas Səhifə > Maraq > Rafael Vilela: Hələ mübarizə başa çatmayıb
Rafael Vilela: Hələ mübarizə başa çatmayıb27-01-2022, 11:18 |
Gürcüstan millisi ilə oyunda iki qol vurdum və komandama kömək etməyə çalışdım. Təəssüf ki, üstünlüyümüzü qoruya bilmədik və vacib oyunda yenildik. Halbuki növbəti addım üçün bu qarşılaşmanın əhəmiyyəti danılmazdır. BrendSport.az xəbər verir ki, bu sözləri futzal üzrə Avropa çempionatının final mərhələsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Rafael Vilela deyib. Futzalçı bildirib ki, İspaniyaya qarşı isə daha yaxşı oynadıq. İki dəfə hesabda önə keçdik, yenə qələbəni qoruya bilmədik. Amma turnirin favoritlərindən biri hesab edilən ispanlarla dueldə heç-heçə pis nəticə deyil. Onlara qarşı bir neçə dəfə mübarizə aparmışam. Həqiqətən də çox güclü rəqibdir. Məncə, ilk dəfə rəsmi oyunda İspaniyaya uduzmuruq. Nəticəni super hesab etmirəm, super nəticə qələbə olan zaman deyirlər, amma dünya reytinqinə başçılıq edən komanda ilə xalları yarı bölmək asan olmadı. Hətta sona yaxın qələbə qolunu da vura bilərdik. Onlar bu cütün favoriti hesab edilirdilər. Amma biz oyunumuzla istənilən güclü komanda ilə başabaş mübarizə aparmağa hazır olduğumuzu göstərdik. “Hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirəcəyik, Bosniya və Herseqovina ilə oyuna ciddi hazırlaşacağıq. Hər bir qələbə bizim üçün vacibdir. İşimizi görməliyik. Ümid edirik ki, son turda Gürcüstan millisi ispanları büdrədəcək”, - deyə Rafael Vilela əlavə edib. Niderlandın Qroningen şəhərində İspaniya komandası ilə qarşılaşan millimiz meydanı 2:2 hesablı heç-heçə ilə tərk edib. İsa Atayevin fərqləndiyi oyunda digər qol avtoqoldan qeydə alınıb. Azərbaycan millisi ilk oyununda Gürcüstan komandasına 2:3 hesabı ilə uduzub. Yığmamız qrupun son oyununda yanvarın 29-da Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. Hesabında 6 xal olan Gürcüstan millisi qrupda birinci pillədə qərarlaşıb. Yeddiqat Avropa çempionu olan İspaniya seçməsi 4 xalla ikinci, Azərbaycan komandası isə 1 xalla üçüncüdür. Bosniya və Herseqovina yığmasının aktivində isə xal yoxdur. Geri qayıt |