Əsas Səhifə > Maraq > Cüdoda tətbiq edilən yeni qaydalarla bağlı seminar keçiriləcək
Cüdoda tətbiq edilən yeni qaydalarla bağlı seminar keçiriləcək23-01-2022, 14:46 |
Yanvarın 24-25-də Azərbaycan Cüdo Federasiyası Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022-2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminarlar təşkil edəcək. Azərbaycan Cüdo Federasiyasından BrendSport.az-a bildiriblər ki, beynəlxalq dərəcəli hakim Vladimer Nutsubidze tərəfindən keçiriləcək seminarlarda hakimlərlə yanaşı, Azərbaycanın milli yığma komandalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak edəcəklər. Qeyd edək ki, 2 gün davam edəcək seminarların ilk günü Olimpiya stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində, ikinci günü isə “Atilla” və “Cüdo 2012” idman klublarının təlim-məşq mərkəzlərində keçiriləcək. Seminarların əsas məqsədi Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi son dəyişikliklərin, hakimlər, məşqçilər və idmançılar tərəfindən mənimsənilməsidir. Bildirmək istərdik ki, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidze Avropa, dünya çempionatı və Olimpiya Oyunlarının final mərhələlərini idarə edib. Eyni zamanda, 2017-ci ildə Avropa Cüdo Birliyi tərəfindən “Ən yaxşı kişi hakim” seçilib. Geri qayıt |