Əsas Səhifə > Maraq > Qurban Qurbanov: Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq

Qurban Qurbanov: Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq


24-11-2021, 14:27
Qurban Qurbanov: Sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq

Bu il Bakıda sonuncu avrokubok oyunumuzu keçirəcəyik. Oyuna yaxşı hazırlaşmışıq. Futbolçuların istəyi və hazırlığı yüksək səviyyədədir.
BrendSport.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turunda Bakıda Kiprin “Omoniya” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov noyabrın 24-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, sabah meydanda ən yaxşı oyunlarımızdan birini göstərməyə və nəticə qazanmağa çalışacağıq. Rəqib oyun sistemində bəzi dəyişikliklər edib. “Omoniya”nın sürətli hücumçuları var. Buna görə də diqqətli olmalıyıq. Bu matçın nəticəsindən asılı olmayaraq, hər şey son görüşdə məlum ola bilər. Bizim üçün hər oyun çox vacibdir.
“Kayrat”la ev və səfər matçlarımız vacib idi. Hər ikisində qalib gəldik. Sabahkı qarşılaşma da vacibdir. Futbolçularda arxayınlığın olmasını istəmirəm. Onlara hər matçda qalib gəlməyi və istəkli olmağı tapşırıram. Hər bir oyun kimi bu görüş də vacibdir. Amma "Bazel"lə İsveçrədəki qarşılaşma bundan da vacib olacaq. Hər görüşdə diqqətli olmalıyıq. Mən və komanda "Omoniya" ilə qarşılaşmaya çox ciddi hazırlaşırıq”, - deyə Q.Qurbanov əlavə edib.
Mütəxəssis futbolçu İsmayıl İbrahimlinin öz formasını bərpa etdiyini diqqətə çatdırıb: “Futbolçumuzun oyun praktikası çatmır. Onun yavaş-yavaş meydanda olmasını istəyirəm. Oyunun gedişatına baxacağıq. Dəyişiklik lazım olduğu anda İsmayılı meydana buraxmağı düşünürük".
Baş məşqçi Ağdam təmsilçisinin fərqli turnirlərdə mübarizə apardığını bildirib: “Çətinlik çəkdiyimizi deyə bilmərəm. Futbolçuların təcrübəsi yetərincə artıb. Çempionatda az, avrokubokda isə çox azarkeş oyunları tribunadan izləyir. Buna köklənmək bir az çətindir. Futbolçu yorğun olduqda azarkeş ona motivasiya verir. Bəzən heyətdə 3-4 dəyişiklik edirik. Bəzənsə əvəzləmə sayı az olur. Elə olub ki, 5 oyunçu meydana buraxmaq istəmişəm. Futbolçular bu rejimə öyrəşiblər. Bu ay bizim üçün çətin olmayacaq”.
Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq.
Hesabında 10 xal olan “Qarabağ” komandası qrupda birinci pillədə qərarlaşıb. İsveçrənin “Bazel” komandası 8 xalla ikinci, Kiprin “Omoniya” klubu 2 xalla üçüncü, hesabında xal olmayan “Kayrat” (Qazaxıstan) isə sonuncudur.
Geri qayıt