Əsas Səhifə > Maraq > UEFA Millətlər Liqasının "Dördlər finalı"nın bürünc mükafatçısı müəyyənləşib

UEFA Millətlər Liqasının "Dördlər finalı"nın bürünc mükafatçısı müəyyənləşib


10-10-2021, 19:06
UEFA Millətlər Liqasının "Dördlər finalı"nın bürünc mükafatçısı müəyyənləşib


Oktyabrın 10-da UEFA Millətlər Liqasının “Dördlər finalı”nın bürünc mükafatçısı müəyyənləşib.
BrendSport.az xəbər verir ki, İtaliya və Belçika komandaları arasındakı üçüncü yer uğrunda qarşılaşmada italyanlar üstün olublar - 2:1.
Turindəki "Alianz" stadionunda gerçəkləşən görüşdə birinci hissədə hesab açılmayıb. Fasilədən sonra daha üstün oyun nümayiş etdirən İtaliya millisi matçın 46-cı dəqiqəsində hesabı açıb. Nikolo Barella fərqlənib. Oyunun 65-ci dəqiqəsində baş hakim Belçika seçməsinin qapısına penalti zərbəsi təyin edib. Topa yaxınlaşan Domeniko Berardi fürsəti əldən verməyib.
Qarşılaşmanın başa çatmasına üç dəqiqə (87-ci dəqiqə) qalmış Belçika yığması qollardan birinin əvəzini çıxıb. Oyuna yenicə daxil olmuş Kevin de Brüynenin ötürməsindən sonra Şarl de Ketelare hesab arasındakı fərqi azaldıb. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişilməyib. Beləliklə, İtaliya millisi "Dördlər finalı"nın bürünc mükafatçısı olub.
Qeyd edək ki, turnirin həlledici görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Həmin görüşdə İspaniya və Fransa yığmaları üz-üzə gələcək.
Milan şəhərindəki "San-Siro" stadionunda baş tutacaq görüşü ingiltərəli Entoni Teylor idarə edəcək.
İspaniya seçməsi yarımfinalda İtaliyanı 2:1, Fransa millisi isə Belçikanı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, ikinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.
Geri qayıt