Əsas Səhifə > Maraq > Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub

Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub


23-08-2021, 16:19
Şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub


Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) İsmayıllıda birgə təşkil etdiyi şose velosipedi üzrə Azərbaycan çempionatına yekun vurulub.
BrendSport.az federasiyaya istinadla xəbər verir ki, son yarış günündə qrup ötüşməsi üzrə daha 3 kateqoriyada ölkə çempionları müəyyənləşib.
İsveçrədəki Dünya Velosiped Mərkəzinin (WCC) komandasının tərkibində çıxış edən Respublika Olimpiya Velosiped Məktəbinin yetirməsi Ayan Xankişiyeva 23 yaşadək qızlar arasında 80 metr məsafəyə ötüşmədə Azərbaycan çempionu olub. Eyni məsafəyə yarışan gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbindən Nikita Sıtov finiş xəttini birinci keçib.
Kişilərin U-23 və elit yaş kateqoriyasında isə “Sərhədçi” İdman Olimpiya Mərkəzinin velosipedçisi Musa Mikayılzadə 140 kilometrlik marşrutu hamıdan tez qət edib. Qeyd edək ki, adları çəkilən idmançılar həm də fərdi ötüşmə yarışında Azərbaycan çempionu olublar.
Mükafatlandırma mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin Gənclər və İdman Nazirliyinin nümayəndələri iştirak ediblər. Qalib və mükafatçılar medal və diplomla təltif ediliblər.
Qeyd edək ki, Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) göndərilib və toplanan xallar həm idmançıların, həm də ölkəmizin reytinq cədvəlində öz əksini tapacaq.
Geri qayıt